...

Azərbaycanda zorlama cinayətinə görə axtalanma cəzasının tətbiqi yolverilməzdir - ekspertlər

Cəmiyyət Materials 1 Mart 2010 10:36 (UTC +04:00)
Azərbaycanda zorlama xarakterli cinayət əməlinə görə cəzanın yuxarı həddinin 20 il müəyyənləşdirilməsi və bu cinayəti törədən şəxslərin cərrahi yolla axtalanması təklif olunur.
Azərbaycanda zorlama cinayətinə görə axtalanma cəzasının tətbiqi yolverilməzdir - ekspertlər

Azərbaycan, Bakı, 1 mart / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda zorlama xarakterli cinayət əməlinə görə cəzanın yuxarı həddinin 20 il müəyyənləşdirilməsi və bu cinayəti törədən şəxslərin cərrahi yolla axtalanması təklif olunur.

Bəzi deputatlar bunun səbəbini son vaxtlar Azərbaycanda bu qəbildən olan cinayətlərin sayının artması ilə əlaqələndirir. Onlar hesab edirlər ki, dünyanın bir çox ölkələrində, xüsusilə də ABŞ-da oxşar cinayətlərə görə cəzalar sərtdir. Dünyanın əksər ölkələrində bu və ya digər cinayət hallarının çoxaldığı zaman həmin cinayətlərə görə tətbiq olunan cəza növləri bir qayda olaraq sərtləşdirilir.

Son vaxtlar Azərbaycanda şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlərin artımı cəmiyyətdə narahatlıq yaradır. Təəssüflər olsun ki, bu cinayətin qurbanları sırasında qadınlarla yanaşı azyaşlı qızlar və oğlanlar da var. Cəzanın tətbiqinə tərəfdar olanlar olanlar hesab edir ki, axtalanma cəzası tətbiq olunarsa, bu qəbildən olan cinayətlərin sayı azalar.

Azərbaycan Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır və həmin cinayətlərə görə, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onu da qeyd edək ki, cəzanın məqsədi şəxsin islah edilməsi, tərbiyələndirilməsidir. Cəza insan ləyaqətini, şəxsiyyətini alçaltmamalıdır. Bu prizmadan yanaşdıqda, o zaman cinayət məsuliyyətinin prinsipləri də dəyişdirilməlidir.

Lakin dünyanın bir sıra ölkələrində bu cinayətlərə görə, əlavə cəza növü kimi axtalanma cəzası da tətbiq olunur. Bir müddət əvvəl İtaliyanın daxili işlər naziri zorlanmış qadınların sayının durmadan artmasınının səbəbkarı olan kişilərin axtalanmasını təklif edirdi. O, özünün uzunmüddətli təcrübəsi əsasında bu cür cinayətkarları reabilitasiya etməyin mümkün olmadığını və bu səbəbdən də problemin qarşısını almaq üçün təcavüzkar kişiləri "axtalamaqdan" başqa bir yol qalmadığını iddia edirdi.

Polşada isə ötən il seksual cinayətlərdə təqsirli bilinənlərin kimyəvi axtalanması barədə qanun qəbul edilib. Yeni qanun 15 yaşadək uşaqları və ya yaxın qohumlarını zorlayan cinayətkarların axtalanmasını məcburi edir. Qanun həmçinin uşaqbazların və ya qan qohumları (valideynlər, övladlar, bacı və qardaşlar) ilə cinsi əlaqədə təqsirli bilinənlərin azadlıqdan məhrumetmə müddətinin artırılmasını da nəzərdə tutur.

Qanuna görə, pedofiliyaya istənilən formada haqq qazandırılması cinayət hesab edilir və iki il müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni cəza internet vasitəsilə 15 yaşadək uşaqları yoldan çıxaran şəxsləri də gözləyir.

Bu ölkədə cinayət məsuliyyətinə cəlb olunan şəxslərə ya asetat siproteron veriləcək, ya da hər ay leupropelin iynəsi vurulacaq. Bu preparatlar kişi cinci hormonlarının təsirini azaldır.

İsraildə bu məqsədlə "Dekapeptil" istidadə edilir ki, bu da qeyri-təbii seksual ehtiyacları azaldır. Kimyəvi axtalanmada cinayətkarın qanına kişi hormonu olan testestoronun miqdarını sıfıra endirən inyeksiyanın yeridilməsi nəzərdə tutulur. Bu əməliyyatdan sonra azadlığa çıxsa belə, uşaqbazı cinayətkarlığa sürükləyən əvvəlki "vərdiş" tamamilə aradan qalxır.

Ötən il Rusiyanın Cinayət Məcəlləsinə düzəlişlər layihəsi Dövlət Dumasının müzakirəsinə təqdim edilmişdi. Layihədə pedofillərə (uşaqbazlara) qarşı kimyəvi üsulla kastrasiya (axtalanma) cəzası nəzərdə tutulur. Axtalanmanın 14 yaşına qədər uşaqları zorlamağa, 12 yaşına qədər uşaqlarla cinsi əlaqəyə, eləcə də azyaşlılara qarşı seksual xarakterli zorakı hərəkətlərə görə tətbiq edilməsi nəzərdə tutulurdu.

Rusiyada bu qanunun qəbul olunmasının tərəfdarları hesab edir ki, pedofiliya psixikanın pozulması ilə əlaqədar müalicəsi olmayan xəstəlikdir. Azadlığa buraxılmış pedofillərin 97%-i yenidən öz cinayətkar əməllərini təkrarlayır. Onlar heç vaxt cəmiyyətin tamhüquqlu üzvü olmayacaq xəstə və təhlükəli adamlardır.

Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılırlar. Psixoloq Azad İsazadə deyir ki, zorlama cinayəti insanın psixikası ilə bağlıdır. Onun sözlərinə görə, bu problem insanın beyninin problemidir.

"Tam psixoloji sağlam insan belə bir cinayət törədə bilməz. Onun psixoloji problemi olmalıdır, ya da narkotikin, alkoqolun təsirindən bu cinayəti törədə bilər. Həmçinin cinsi zəifliyi olan insan, özünün zəif olmadığını sübut etmək üçün bu cinayətə əl ata bilər", - psixoloq vurğulayıb.

İsazadənin fikrincə, axtalanma cəzasının tətbiqi problemin həllinə kömək etməyəcək.

"Zorlamanın formaları da fərqlidir. Başqa vasitələrlə də zorlamaq mümkündür. Zəmanət vermək olmaz ki, həmin şəxsə bu cəzanı verməklə, o başqa vasitələrlə bu cinayəti törətməyəcək. Əksinə, belə şəxslər daha da aqressiv olacaqlar", - deyə psixoloq bildirib.

Hüquq müdafiəçisi Çingiz Qənizadə hesab edir ki, Azərbaycan qanunvericiliyində bu növ cinayətlərə görə kifayət qədər ağır cəza nəzərdə tutulub. O, axtalanma cəzasının Azərbaycanda tətbiqini mümkünsüz sayır.

"Biz sivil ölkədə yaşayırıq və Avropaya inteqrasiya olunuruq. Orta Asiya adət-ənələrinə xas olan cəzanın bizim cəza sistemimizdə tətbiq edilməsi mümkün deyil. Azərbaycanda bu qəbildən olan cinayətlərə görə, cəzalar kifayət qədər sərtdir. Əgər, cinayət qanunvericiliyimiz adamöldürməyə görə 7-12 il həbs cəzası nəzərdə tutursa, bu qəbildən olan cinayətlərə görə 8-15 il həbs nəzərdə tutulub. Bu zaman milli dəyərlər, mentalitet də nəzərə alınıb. Ona görə də, bu cinayətlərə görə cəzaların sərtləşdirilməsi məqsədəmüvafiq deyil", - deyə hüquq müdafiəçisi vurğulayıb.

Qənizadənin fikrincə, cəzaları sərtləşdirməklə insanları tərbiyə etmək mümkün deyil. O qeyd edir ki, cəmiyətdə belə cinayətlərə hər zaman meyl edənlər olub. Qənizadə bu cinayətlərin sayının azalması yolu kimi daha çox maarifləndirməyə ehtiyac olduğunu deyir.

Hüquq müdafiəçisi Azərbaycanda bu növ cinayətlərin sayının artmasına televiziyalarda əxlaqsızlığın, mənəviyyatsızlığın təbliğinin səbəb olduğunu deyir.

"Televiziyalarda şou verlişlərində şou-biznesin nümayəndəsi olan xanımların geyimləri, şəxsi həyatları təbliğ edilir. Bu isə kişilərin psixologiyasına pis təsir göstərir. Hesab edirəm ki, Milli Proqram qəbul olunmalı, milli-əxlaqi dəyərləri təbliğ edən verilişlər hazırlanmalıdır", - Qənizadə vurğulayıb.

Millət vəkili Rəbiyyət Aslanova da hesab edir ki, zorlama cinayətlərinə görə, Cinayət Məcəlləsində kifayət qədər ağır cəzalar nəzərdə tutulub. Əlavə cəza kimi axtalanmanı qeyri-mümkün hesab edən millət vəkilinin fikrincə, bu cəzanın tətbiqi insan hüquqlarının kobud şəkildə pozuntusu deməkdir.

"Mənəviyyat baxımından da bu cəzanın tətbiqi doğru deyil. Bu cəza ilə heç nəyə nail olmaq olmaz. Bəşəriyyət belə cəzalardan uzaqlaşıb. İnsanı alçaldan cəzalar yolverilməzdir", - millət vəkili bildirib.

Onun fikrincə, belə cinayəti törədən şəxslərin sonradan islahı, cəmiyyətə normal insan adaptasiyası mümkün ola bilər. "Amma axtalanarsa, onun cəmiyyətə, insanlara qarşı aqressiyası, nifrəti, qəzəbi yaranar və həmin şəxs sonradan daha ağır cinayətlər törədər", - Aslanova vurğulayıb.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin sözlərinə görə, hansısa cinayətlərin qarşısını almaq üçün cəzanı sərtləşdirmək heç zaman müsbət nəticə verməyib. O qeyd edib ki, bu qəbildən olan cinayətlərə görə cəzanın həddini 20 ilə qaldırsaq, onda bütün cinayət qanunvericiliyi dəyişməlidir.

"Ən ağır cinayət qəsdən adamöldürmə hesab olunur. Bu cinayətə görə, cəzanın yuxarı həddi 15 ildir.  Eyni zamanda şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlərə görə nəzərdə tutulan cəzanın maksimal həddi 15 ildir. Mənim fikrimcə, qəsdən adamöldürmə cinayətinə görə, cəzalar sərtləşdirilməli və cəzanın yuxarı həddi 20 il müəyyən edilməlidir", -Ağazadə vurğulayıb.

Hakim deyir ki, axtlanmanın tətbiqi ilə şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlərin sayının azaldılmasına nail olunacağı fikri ilə razı deyil və hesab edir ki, həmin cəzanın tətbiqi arzuolunmaz nəticələrə səbəb olar.

"Axtalanma insanın xarici görünüşünü də dəyişdirir. Kişidə qadınlaşma gedir. Həmçinin bu cəza verilən insan daha da aqressivləşir", - Ağazadə bildirib.

Millət vəkili Gültəkin Hacıyeva isə bu məsələni aktual hesab etmədiyindən, məsələyə münasibət bildirməyib. Şəriətdə axtalanmanın olmadığını deyən ilahiyyatçı-ekspert Ramil Vəkilovun sözlərinə görə, şəriətdə bu qəbildən olan cinayəti törədən şəxslərə - ailəli kişiyə rəcm (daş-qalaq), subay kişinin isə şallaqlanma cəzası nəzərdə tutulub.

Vəkilov hesab edir ki, axtalanmanın tətbiqi qorxusu insanların bu qəbildən olan cinayətlərə meylini azalmasına təsir edə bilər. Bir qrup ekspert hesab edir ki, heç bir məhkəmə səhvlərdən sığortalanmayıb və bu cinayətdə ittiham olunan şəxslər sonradan bəraət alarsa, onda həmin şəxsin itirilmiş sağlamlığını qaytarmaq mümkün olmayacaq. Bu baxımdan da axtalanmanın tətbiqi mümkün hesab olunmur.










 
 

Xəbər lenti

Xəbər lenti