...

Azərbaycanda avarçəkənlərin beynəlxalq "Prezident Kuboku" reqatası keçiriləcək

Cəmiyyət Materials 26 Mart 2010 11:52 (UTC +04:00)
Sayca 4-cü dəfə keçiriləcək "Prezident Kuboku" reqatasını Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası birgə təşkil edəcəklər.
Azərbaycanda avarçəkənlərin beynəlxalq "Prezident Kuboku" reqatası keçiriləcək

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Mingəçevir şəhərindəki "Kür" Təlim-Tədris İdman Mərkəzində martın 28-də akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq "Prezident Kuboku" reqatası start götürəcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Sayca 4-cü dəfə keçiriləcək "Prezident Kuboku" reqatasını Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası birgə təşkil edəcəklər.

Turnirdə ölkəmizin 180-dək avarçəkəni ilə yanaşı, Gürcüstan və Moldova təmsilçilərinin də iştirakı nəzərdə tutulub. Əsas məqsəd isə avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcəsinin təyin olunmasından ibarətdir. Məhz "Prezident Kuboku" reqatasında idmançılarımızın payız və qış aylarında keçirdikləri müntəzəm təlim-məşq toplantılarının ilkin nəticəsi öz əksini tapacaq.

Yarışın keçirilmə qaydalarına əsasən, oğlan və qız akademik avarçəkənlərdən 1990-1993-cü il təvəllüdlülər 2000 metr, 1994-1996-cı il təvəllüdlülər isə 1500 metr məsafəyə yürüşə qatılacaqlar. Onlar birnəfərlik (1X), ikinəfərlik qoşaavarlı (2X), ikinəfərlik sükansız (2-), dördnəfərlik qoşaavarlı (4X) və dördnəfərlik sükansız (4-) qayıqlarda çıxış edəcəklər. Bu növ üzrə hər idmançının yalnız iki ayrı-ayrı qayıqda çıxış etməsinə icazə veriləcək.

Kayak və kanoe qayıqlarında oğlan və qız avarçəkənlər isə 1992-1994 və 1995-1996-cı il təvəllüdlülərdən ibarət olacaqlar. Onlar birnəfərlik (K-1, C-1) və ikinəfərlik (K-2, C-2) qayıqlarla 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüş edəcəklər. Bu zaman hər idmançının maksimum 3 növ proqramda iştirakına icazə veriləcək.

Beynəlxalq "Prezident Kuboku" reqatasına martın 31-də yekun vurulacaq. Fərqlənənlər Gənclər və İdman Nazirliyi ilə AMAF tərəfindən diplom və medallarla tərtif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti