Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda Azərbaycan Sənaye Bankının (ASB) İdarə Heyəti ilə Sumqayıt şəhər Səhiyyə Şöbəsi arasında xəstəxana və poliklinikalarda işləyən işçi heyətinə xüsusi kredit şərtlərinin tətbiq edilməsi üzrə əməkdaşlıq protokolu imzalanıb.
İmzalanma "Peşəyə Dəstək" kampaniyası çərçivəsində keçirilib.
Sumqayıt şəhər Səhiyyə Şöbəsində keçirilən mərasimdə sazişi Azərbaycan Sənaye Bankının İdarə Heyəti sədrinin müavini Cenk Bartın və Sumqayıt şəhər Səhiyyə Şöbəsinin baş həkimi Rauf Sadıxov imzalayıb.
Protokolun imzalanma mərasimində 31 xəstəxanadan olan baş həkimlər, tibb bacıları və bankın nümayəndələri iştirak ediblər.
Tədbirdəki çıxışında Rauf Sadıxov bildirib ki, tibb işçilərinin maliyyə durumunu nəzərə alaraq maliyyə ehtiyaclarını qarşılayan bir çox banklar var.
Onun sözlərinə görə, ASB bugünkü bazar şərtlərinə görə ən uyğun və ən sərfəli təklifləri təqdim etməklə tibb sahəsinə öz töhfəsini vermiş olur.
Bartın ASB və təsis etdiyi müəssisələr, habelə tibb işçilərinə yönəlik xüsusi kredit kampaniyası və ümumilikdə bank xidmətləri haqqında ətraflı məlumat verib.
O bildirib ki, ASB sadəcə maliyyə xidməti verən bir qurum olaraq deyil, həm də bankın, eyni zamanda, həkimlərin və tibb işçilərinin maliyyə ehtiyaclarını yaxşı analiz edərək onlara ən uyğun məhsul növünü və xidmətləri təqdim edən bir bankdır.
"Azərbaycan Sənaye Bankı" 1996-cı ildə "CI Bank" kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin may ayının 1-nə bankın aktivlərinin həcmi 109.984 mln. manat, depozit portfeli 76.873 mln. manat, kredit portfeli 71.430 mln. manat, məcmu kapitalı 29.674 mln. manat, o cümlədən nizamnamə kapitalı 22.114 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 24 bankomatı və 259 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 14.000-dir.