...

Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə ciddi ziyan vurulur - nazir Hüseynqulu Bağırov

Cəmiyyət Materials 17 İyun 2010 12:51 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər ətraf mühitə ciddi ziyan vurur.
Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə ciddi ziyan vurulur - nazir Hüseynqulu Bağırov

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər ətraf mühitə ciddi ziyan vurur.

"Hazırda işğal olunmuş ərazilərdə yerləşən Sərsəng Su Anbarı torpaqların suvarılması üçün nəzərdə tutulsa da, ermənilər bundan Azərbaycana qarşı başqa məqsədlərlə istifadə edirlər. Yaz aylarında bu anbardan su buraxmaqla sellər, daşqınlar törədilir. İnsanların həyatı üçün təhlükə yaradılır. Kür və Araz çaylarında olan daşqınlar zamanı da ermənilər anbardan suyu buraxırlar", - "Trend-in məlumatına görə, bunu cümə axşamı 18 İyun - İnsan hüquqları gününə və Ekologiya ilinə həsr edilmiş "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri" mövzusunda ombudsmanların 8-ci Bakı Beynəlxalq Konfransında çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 76 min hektar əkin və örüş sahələrini su basıb.

Bağırov deyib ki, Azərbaycanın Kür və Araz çaylarının suyu Ermənistan və Gürcüstan ərazilərində çirkləndirilir.

"Cəbhə ərazilərində otlaq sahələri, meşələr, işğal altında olmayan ərazilərdə əhaliyə məxsus əkin sahələri yandırılır. Həmçinin, Kür və Araz çayları Ermənistanda sənaye, Gürcüstanda məişət tullantıları ilə çirkləndirilir. Bu çaylarda ağır metalların təsiri 5-10 dəfə çoxdur", - nazir əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti