...

Bakı Dövlət Universiteti yataqxana problemi olduğuna görə, əcnəbi tələbələrin sayını artıra bilmir - rektor

Cəmiyyət Materials 12 Avqust 2010 17:27 (UTC +04:00)
Bakı Dövlət Universiteti yataqxana problemi olduğuna görə, əcnəbi tələbələrin sayını artıra bilmir.
Bakı Dövlət Universiteti yataqxana problemi olduğuna görə, əcnəbi tələbələrin sayını artıra bilmir - rektor

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universiteti yataqxana problemi olduğuna görə, əcnəbi tələbələrin sayını artıra bilmir. Bu barədə cümə axşamı BDU-nun rektoru Abel Məhərrəmov ABŞ-ın Oklahoma Milli Qvardiyasının komandanı, general Maylz Diringin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünlər BDU-nun yataqxanalarında məskən salıb. 20 ölkədən 1500-dən artıq tələbənin təhsil aldığı universitetdə əcnəbi tələbələrin sayını məhz yataqxana problemi olduğuna görə artırmaq mümkün deyil", - Məhərrəmov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Müharibə şəraitində yaşamağımıza baxmayaraq, hər il büdcə formalaşanda daha çox elm və təhsilə diqqət yetirilir", - Məhərrəmov bildirib.

General söhbət əsnasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. ABŞ-ın Azərbaycanı dəstəklədiyini, münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxdıqlarını vurğulayıb.

"Oklahoma Milli Qvardiyası 2003-cü ildən Dövlət Əməkdaşlığı Proqramı çərçivəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu baxımdan, Oklahoma təhsil müəssisələrinin qapıları Azərbaycan universitetlərinin, o cümlədən, BDU-nun üzünə açıqdır", - Dirinq deyib.

General Dirinq ikitərəfli əməkdaşlıqdan da söz açıb. Qeyd edib ki, onlar ikitərəfli əməkdaşlıqda - tələbə-müəllim mübadiləsində, təcrübələrin bölüşməsində maraqlıdırlar.

Sonda nümayəndə heyəti BDU ilə tanış olub, elmi-tədqiqat laboratoriyalarına baxış keçirib.

Xəbər lenti

Xəbər lenti