...

Ermənistan işğal altında olan Füzuli rayonu ərazisində təbii sərvətlərin dağıdılmasını həyata keçirir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 21 Avqust 2010 11:14 (UTC +04:00)
Ermənistan işğal altında olan Füzuli rayonu ərazisində təbii sərvətlərin dağıdılmasını həyata keçirir.
Ermənistan işğal altında olan Füzuli rayonu ərazisində təbii sərvətlərin dağıdılmasını həyata keçirir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir M. Əliyev/

Ermənistan işğal altında olan Füzuli rayonu ərazisində təbii sərvətlərin dağıdılmasını həyata keçirir. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir.

Nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldansonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb. Ötən dövr ərzində geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yoluboyu ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb. Həmçinin, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

23 avqust 1993-cü ildə ümumi sahəsi 139 393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125 368 hektar ərazi ermənilər tərəfindən işğal olunub.

Füzuli rayonunda ümumi ehtiyatları 58 858 min kubmetr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11 211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13 053 min kubmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

Özünəməxsus təbiəti olan Füzuli rayonu ərazisində yaşı 200 ildən 1 400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min kubmetr/gün həcmində hesablanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti