...

Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarına ciddi riayət olunması üçün əmr verilib - Dövlət Komissiyasının sədri

Cəmiyyət Materials 17 Fevral 2011 14:58 (UTC +04:00)
Dövlət orqanlarında dövlət qulluqçularının etik davranış qaydalarına ciddi riayət olunması üçün əmr verilib. Bunu cümə axşamı Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarına ciddi riayət olunması üçün əmr verilib - Dövlət Komissiyasının sədri

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət orqanlarında dövlət qulluqçularının etik davranış qaydalarına ciddi riayət olunması üçün əmr verilib. Bunu cümə axşamı Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

"Etik davranış qaydalarının dairəsi genişdir. Bura dövlət qulluqçusu-vətəndaş münasibətləri, dövlət qulluqçularının öz aralarındakı münasibətlər, korrupsiya hüquqpozmaları ilə bağlı hərəkətlər və s. daxildir. Bu sahədə nəzarətin gücləndirilməsi ilə bağlı daxili əmr vermişik. Etik davranış qaydalarına bütün dövlət qulluqçuları tərəfindən riayət olunmalıdır", - Komissiya sədri vurğulayıb.

Xəlilov bildirib ki, hər bir dövlət qulluqçusu ona qanunla verilmiş səlahiyyət çərçivəsində fəaliyyət göstərməlidir.

"Bu səlahiyyətlərdən kənara çıxılması etik davranış qaydalarının pozulmasıdır", - Xəlilov deyib.

Komissiya sədri bildirib ki, etik davranış qaydalarının hazırlanması Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında və korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış beynəlxalq qurum olan GREKO tərəfindən tövsiyə edilib.

Komissiyanın bu istiqamətdə iki ildir fəaliyyət göstərdiyini deyən Xəlilov dövlət orqanlarından etik davranış qaydalarına riayət olunması ilə bağlı hesabatların alındığını bildirib. O, qeyd edib ki, etik davranış qaydalarının pozulması sırasında korrupsiya hüquqpozmaları ilə bağlı faktlar da var.

Etik davranış qaydalarına riayət olunması ilə bağlı dövlət orqanlarından verilən hesabatların nəticələrinə görə, ötən il 9 dövlət orqanının etik davranış qaydalarını pozan 242 əməkdaşına intizam tənbehi tətbiq olunub, 3 dövlət orqanında isə 14 əməkdaşın dövlət qulluğuna xitam verilib.

Xəlilov bildirib ki, Komissiyada bir neçə gündür fəaliyyətə başlayan "qaynar xətt"ə 100-ə yaxın müraciət daxil olub.

O, Komissiyaya aid olan müraciətlərin obyektiv araşdırıldığını və vətəndaşlara cavab verildiyini deyib.

Xəbər lenti

Xəbər lenti