...

Bakı Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən Ekologiya Nazirliyinə təhlükəli ağaclara rəy bildirilməsi barədə müraciət daxil olmayıb

Cəmiyyət Materials 18 Fevral 2011 14:53 (UTC +04:00)
Bakı Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən Ekologiya Nazirliyinə təhlükəli ağaclara rəy bildirilməsi barədə müraciət daxil olmayıb
Bakı Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən Ekologiya Nazirliyinə təhlükəli ağaclara rəy bildirilməsi barədə müraciət daxil olmayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir M.Əliyev/

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin (YTB) rəsmisi mətbuata açıqlamasında bildirib ki, aşan ağacların yerinə yeni ağacların əkilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinin səlahiyyətindədir.

"Yıxılmış ağacın yerinə nə qədər və hansı agacın əkiləcəyinə Dövlət Ekspertiza İdarəsinin qərar verəcəyi barədə Bakı şəhər İH YTB-nin rəsmisinin verdiyi cavab gülünc doğurur", - cümə günü ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-in əməkdaşının sualını cavablandırarkən deyib.

İbrahimova qeyd edib ki, YTB rəsmisinin bu cavabı onun həm öz vəzifəsindən, həm də DEİ-nin vəzifəsindən xəbərsiz olduğunu göstərir.

"Respublika ərazisində qeyri-meşə fondu torpaqları nazirliyin səlahiyyətində deyil, yəni buna baxmır, göstəriş vermir, əkmir, bir sözlə təhlükəli ağacları təyin etmir", - mətbuat xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Nazirliyin vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı Qərarının tələblərinə uyğun olaraq, YTB və vətəndaşlar tərəfindən müraciət edildiyi halda yalnız müvafiq rəy və təkliflər bildirməkdir.

"Sizə bu vaxtadək YTB tərəfindən Bakı şəhərindəki qəzalı ağaclarla bağlı müraciət daxil olubmu?" sualına cavab verən İbrahimova deyib ki, Nazirlər Kabinetinin qərarı qüvvəyə mindiyi vaxtdan, yəni 2005-ci ildən bu günədək YTB tərəfindən ETSN-ə təhlükəli ağaclara rəy bildirilməsi barədə heç bir müraciət daxil olmayıb.

"Nazirliyə daxil olmuş müraciətlər yalnız vətəndaşlar tərəfindən olub. Belə ki, 2010-cu il ərzində respublika əhalisi tərəfindən Nazirliyə ümumilikdə, 1286, o cümlədən Bakı şəhərinin sakinləri tərəfindən 1029 müraciət "qaynar xətt" və poçt vasitəsilə daxil olub, qanunauyğun tədbirlər görülüb", - İbrahimova əlavə edib.

Xəbər lenti

Xəbər lenti