...

Baş Prokurorluqda korrupsiya ilə mübarizə məqsədilə "qaynar xətt" yaradılıb

Cəmiyyət Materials 3 Mart 2011 10:34 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb.
Baş Prokurorluqda korrupsiya ilə mübarizə məqsədilə "qaynar xətt" yaradılıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, əlaqə mərkəzinin fəaliyyətini tənzimləyən qaydalar təsdiq olunub.

"Qaynar xətt" əlaqə mərkəzinin yaradılmasında məqsəd korrupsiyaya qarşı mübarizənin daha səmərəli təşkilinin təmin edilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.

Baş prokurorun əmri ilə yaradılan əlaqə mərkəzi martın 3-ü saat 09:00-dan fəaliyyətə başlayıb.

"Qaynar xətt" əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, sutkada 24 saat fasiləsiz işləyir, vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə həmin mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılıb.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən "qaynar xətt" əlaqə mərkəzinə daxil olmaqla araşdırılması üçün icraata götürülmüş bütün müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması, mərkəzə daxil olan müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti