...

İtaliyanın Milan şəhərində Novruz Bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 19 Mart 2011 03:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 18-də Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi Novruz Bayramı münasibəti ilə İtaliyanın Milan şəhərində ziyafət təşkil edib. Bu barədə Trend-ə şənbə günü Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən məlumat veriblər.

"Milan Marriott" mehmanxanasında keçirilən ziyafətdə Səfirliyin dəvət etdiyi 150 nəfərə yaxın qonaq iştirak edib. Qonaqlar arasında Milan şəhərinin və onun yerləşdiyi Lombardiya regionunun ictimaiyyətinin, xarici ölkələrin Milanda fəaliyyət göstərən konsulluqlarının, yerli mətbuatın, eləcə də Milan və onun ətraf bölgələrində yaşayan Azərbaycan diasporasının nümayyəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Novruz Bayramının xalqımızın ən qədim ənənəvi bayramlarından olduğunu qeyd etmiş, bayram adətlərindən söhbət açıb. Novruz Bayramının eyni zamanda bir sıra digər ölkələrdə də qeyd edildiyini bildirən səfir Sadıqov, Novruz Bayramının artıq beynəlxalq səviyyədə tanındığını vurğulayıb. Sadıqov Novruz Bayramının YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi, habelə 21 mart tarixinin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyi barədə qonaqlara məlumat verib.

Daha sonra qonaqlara musiqi proqramı təqdim edilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsert zamanı muğam üçlüyü və rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və milli rəqslərindən nümunələr təqdim ediblər. Proqramda eləcə də italyan incəsənət ustalarının ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib.

Bayram ziyafəti zamanı qonaqlara həmçinin Azərbaycana həsr edilmiş qısametrajlı film nümayiş etdirilmiş və ölkəmiz haqqında çap materialları təqdim edilib.

Azərbaycanın İtaliyadakı Səfirliyi 2011-ci ildə Romada və İtaliyanın digər bölgələrində ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş bir sıra mədəni tədbirlərin təşkilini planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti