...

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması ilə bağlı yeni qurum yaradıla bilər

Cəmiyyət Materials 2 May 2011 12:40 (UTC +04:00)
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinə rəhbərlik Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisinə tapşırılıb.
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması ilə bağlı yeni qurum yaradıla bilər

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinə rəhbərlik işləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisinə tapşırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reyestrin fəaliyyətinin icrası ilə bağlı işçi qrup yaradılıb və qrupa rəhbərlik müvəqqəti olaraq Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədova həvalə olunub.

Nazirlikdən bildirilib ki, sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması işi ilə məşğul olacaq qurumun yaradılması mümkündür.

Yoxlamaların vahid məlumat reyestri mayın 1-dən fəaliyyətə başlayıb.

Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sistemi yaradılıb, istifadəçilər üçün www.yoxlama.gov.az internet ünvanında vahid portal yerləşdirilib.

Reyestrin məlumat bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyinin müvafiq informasiya sistemi ilə qarşılıqlı inteqrasiya əsasında sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatların əldə edilməsi və daim təzələnməsi təşkil edilib.

Yeni sistem istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti