...

"Wall Street Journal": Azərbaycan müsəlman ölkəsi və Avropa idealının təcəssümüdür

Cəmiyyət Materials 16 May 2011 12:10 (UTC +04:00)
Qazla zəngin kiçik ölkə və qonşu Ermənistanla həll olunmamış münaqişəyə cəlb edilmiş Azərbaycan bu günlərdə "Avroviziya 2011"-dəki qələbədən sonra gələn il müsabiqəyə ev sahibliyi edəcək.
"Wall Street Journal": Azərbaycan müsəlman ölkəsi və Avropa idealının təcəssümüdür

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Tarıverdiyeva/

Qazla zəngin kiçik ölkə və qonşu Ermənistanla həll olunmamış münaqişəyə cəlb edilmiş Azərbaycan bu günlərdə "Avroviziya 2011"-dəki qələbədən sonra gələn il müsabiqəyə ev sahibliyi edəcək. Trend-in məlumatına, bu barədə "Wall Street Journal" yazır.

"Etiraf etməliyəm ki, Azərbaycan mənim favoritlər siyahımda yox idi", - Azərbaycanın qələbəsini şərh edən Klark Universitetinin akademiki, "Avroviziya" mövzusunda akademik esse kolleksiyasının redaktoru Robert Dim Tobin bildirir.

Onun sözlərinə görə, sözsüz ki, İranla həmsərhəd olan, eyni zamanda, "Avroviziya"nın əsasını təşkil edən Avropa idealını təcəssüm etdirən və əhalisinin əksəriyyətinin şiə müsəlmanlarından ibarət olduğu ölkədə dünyəvi demokratiyanı görmək maraqlıdır.

Məqalədə deyilir ki, Azərbaycan ilk dəfə müsabiqənin qalibi oldu, hərçənd Fransanın, İrlandiyanın və Böyük Britaniyanın nümayəndələri ilə müqayisədə autsayder görünürdü, ancaq məhz Azərbaycandan olan duet 221 xal yığaraq qalib gəldi.

"Televiziya şərhçiləri belə bir ehtimal irəli sürürlər ki, Azərbaycanın qələbəsini çox güman ki, münsiflər heyətinin verdiyi yüksək xalla təmin olunub, çünki ölkə mehriban qonşuluq səsverməsində bir o qədər də böyük təcrübəyə malik deyil", - məqalədə bildirilir.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell&Nikki) "Running Scared" mahnısı ilə 221 xal toplayaraq "Avroviziya 2011" müsabiqəsinin qalibi olub.

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri isə İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta veriblər.

Xəbər lenti

Xəbər lenti