...

"Diffamasiya haqqında" qanun Azərbaycan Parlamentinin payız sessiyasında müzakirəyə çıxarıla bilər

Cəmiyyət Materials 24 May 2011 14:14 (UTC +04:00)
"Diffamasiya haqqında" qanun Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər.
"Diffamasiya haqqında" qanun Azərbaycan Parlamentinin payız sessiyasında müzakirəyə çıxarıla bilər

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Hacıyev/

"Diffamasiya haqqında" qanun Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycan özünün "Diffamasiya haqqında" qanununu qəbul edəcək.

Qanunun tam olaraq müvafiq qurumlara təqdim olunduğunu deyən MŞ sədri vurğulayıb ki, sənəd Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər.

Amaşov qeyd edib ki, layihə jurnalistlərin peşə davranış qaydalarını təkmilləşdirdikdən, diffamasiya ilə bağlı təşəbbüslər dəstəkləndikdən sonra hazırlanıb.

"Artıq layihə müvafiq qurumlara təqdim olunub. Layihə müvafiq qurumlarda və parlamentdə müzakirə olunanadək yəqin ki, biz redaktorlarla müəyyən danışıqlar aparacağıq. Ola bilsin ki, jurnalistlər işə götürülərkən onlar və ya rəsmi olaraq KİV rəhbərləri tərəfindən jurnalistlərin peşə davranış qaydalarına dair sənəd imzalanacaq. Azərbaycan Jurnalistlərinin Qurultayında həmin sənəd KİV rəhbərləri tərəfindən səsvermə yolu ilə qəbul olunub. Hazırda bununla bağlı redaktorlarla məsləhətləşmələr aparılır, yaxın zamanda Mətbuat Şurası ilə KİV rəhbərləri arasında sənədlə bağlı müəyyən razılaşma əldə olunacaq. Jurnalistlər işə götürülərkən müqavilə ilə yanaşı, həmin sənədə də imza atacaqlar", - Amaşov əlavə edib.

Qanun layihəsinin ölkə mətbuatına təsiri barədə danışan Amaşov deyib ki, sözügedən qanun layihəsi Azərbaycan jurnalistikasına tam sərbəstlik verəcək.

Onun sözlərinə görə, layihə eyni zamanda öz-özlüyündə müəyyən məsələlərlə bağlı Azərbaycan jurnalistlərini daha məsuliyyətli edəcək, əsasən də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Son dövrlər "Diffamasıya haqqında" qanun layihəsinin təkmilləşdirilməsi üçün "dəyirmi masa"lar və beynəlxalq konfranslar keçirilib.

Xəbər lenti

Xəbər lenti