...

Azərbaycan Turizm Assosiasiyası: "Eurovision-2012"nin keçirilməsi ilə bağlı Bakıda ekskursiya xidməti genişləndirilməlidir

Cəmiyyət Materials 31 May 2011 13:51 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar ekskursiya xidməti genişləndirilməli, bununla bağlı əlavə mütəxəssislər hazırlanmalıdır.
Azərbaycan Turizm Assosiasiyası: "Eurovision-2012"nin keçirilməsi ilə bağlı Bakıda ekskursiya xidməti genişləndirilməlidir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar ekskursiya xidməti genişləndirilməli, bununla bağlı əlavə mütəxəssislər hazırlanmalıdır. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar gələn il Azərbaycana gələcək turistlərin sayı dəfələrlə artacaq.

"Araşdırmalara görə, 2012-ci ildə Bakıya gələcəyi gözlənilən insanların sayı 1990-cı ildən sonra ən böyük rəqəm olacaq. Gələn insanların otel, nəqliyyatla təmini məsələsi əvvəlcədən həll ediləcək. Azərbaycan bunun öhdəsindən yüksək səviyyədə gələcək. Bunun üçün indidən kadrlar hazırlamaq lazımdır. Xüsusən ekskursiya çeşidi artırılmalıdır", - Ağakərimov deyib.

O bildirib ki, turistlərin 60-70 faizinin Azərbaycanda ilk dəfə olacağı gözlənilir.
Azərbaycan turizminə maraq oyatmaq üçün turistləri Bakı, Bakıətrafı ərazilər, Abşeron və digər yerlərlə tanış etmək lazımdır. Bunu nəzərə alaraq, muzeylərin fəaliyyəti gücləndirilməli, Xəzər dənizinə, hətta mümkün olarsa, adalara ekskursiyalar təşkil edilməli, əlavə xidmətlərin sayı artırılmalı, mili yeməklər haqqında geniş məlumatlar verilməlidir.

Ağakərimovun fikrincə, "Eurovision-2012" müsabiqəsi yüksək səviyyədə keçirilsə, növbəti illərdə Azərbaycana gələn turistlərin sayı dəfələrlə arta bilər.

Azərbaycan Turizm Assosiasiyası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ilin aprelində yaradılıb. Assosiasiya Azərbaycanda turizmin inkişafı üçün tədbirlər görür, yerli turizm şirkətləri arasında əlaqənin inkişafına şərait yaradır.

Hazırda Azərbaycanda 200-dən çox lisenziyalı turizm şirkəti, 300-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti