...

Azərbaycanda gənclərin karyera qurması üçün məsləhət mərkəzləri yaradılacaq

Cəmiyyət Materials 11 İyun 2011 12:51 (UTC +04:00)
Azərbaycanda bu ilin oktyabr ayında gənclər üçün karyera məsləhəti üzrə mərkəzlər yaradılacaq.
Azərbaycanda gənclərin karyera qurması üçün məsləhət mərkəzləri yaradılacaq

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu ilin oktyabr ayında gənclər üçün karyera məsləhəti üzrə mərkəzlər yaradılacaq. Trend-in məlumatına görə, bunu şənbə günü Strateji Araşdırmalar Mərkəzində gənclərin iştirakı ilə təşkil olunan debatlar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsinin rəis müavini Xaliq İlyasov bildirib.

"Dünya Bankının və nazirliyin birgə layihəsi çərçivəsində karyera məsləhəti üzrə vahid mərkəzlər ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində yaradılacaq", - rəis müavini deyib.

Onun sözlərinə görə, mərkəzlərə daha çox 14-17 yaş arasında gənclər cəlb olunacaq və onlara ixtisas seçimi, gələcək fəaliyyətləri barədə məsləhətlər veriləcək.

Şənbə günü Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində gənclərin iştirakı ilə debatlar keçirilib. Debatların keçirilməsində məqsəd gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakın təmini, nəzəri biliklərinin artırılması üçün şəraitin yaradılması, diskussiya bacarığı və mədəniyyətinin inkişaf etdirilməsidir.

Debatların əsas mövzusu hazırlanan "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda əks olunan gənclərin məşğulluq məsələləri və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması təşkil edib.

Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti