Azərbaycan, Bakı, 24 iyun /Trend/
Birləşmiş Ərəb Əmirliklərinin əsas televiziya kanalı olan "Abu Dhabi əl-Ulə" kanalının "Mashavir" proqramında Azərbaycan haqqında film yayımlanacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BƏƏ-dəki səfirliyindən cümə günü bildirilib.
Hər biri 26 dəqiqə davam edəcək iki hissədən ibarət film Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və maddi-mədəni irsi, ölkənin turizm imkanları barədə BƏƏ cəmiyyətində, eləcə də bütün ərəb dünyasında daha dolğun fikir formalaşdırılması, Azərbaycan haqqında ərəb dünyasında yaranmış informasiya boşluğunun doldurulması məqsədilə yayımlanacaq.
Səfirlik tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin əsas televiziya kanalı olan "Abu Dhabi əl-Ulə" kanalının "Mashavir" proqramında Azərbaycan haqqında hər biri 26 dəqiqə davam edəcək iki hissədən ibarət filmin birinci hissəsi iyunun 28-də, yerli vaxtla saat 22:00-da (Bakı vaxtilə 23:00), ikinci hissəsi isə iyulun 5-də, yerli vaxtla 22:00-da (Bakı vaxtilə 23:00) yayımlanacaq.
Proqramların təkrarı "Abu Dhabi əl-Ulə + 1" kanalında təqdim ediləcək.
Proqramlar efirə verildikdən sonra "Abu Dhabi əl-Ulə" kanalının internet saytı olan www.adtv.ae ünvanında yerləşdiriləcək və videoarxivdə saxlanılacaq.