...

Azərbaycanın cənubunda dini mərasimləri aparacaq ruhanilərin fəaliyyəti rəsmiləşdirilib

Cəmiyyət Materials 8 İyul 2011 13:09 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə Trend-ə bildirib ki, cənub bölgəsində attestasiyadan keçən 56 ruhaniyə vəsiqələr təqdim olunub.
Azərbaycanın cənubunda dini mərasimləri aparacaq ruhanilərin fəaliyyəti rəsmiləşdirilib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın cənubunda dini mərasimləri aparacaq 56 ruhaninin fəaliyyəti rəsmiləşdirilib.

Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə Trend-ə bildirib ki, cənub bölgəsində attestasiyadan keçən 56 ruhaniyə vəsiqələr təqdim olunub.

Onun sözlərinə görə, Biləsuvarda 7, Cəlilabadda 20 nəfərə dini ayinlərin icraçısı, Masallıda 1 nəfərə axund, 12 nəfərə dini ayinlərin icraçısı, Lənkəranda 5 nəfərə axund, 7 nəfərə dini ayinlərin icraçısı, Astarada 1 nəfərə imam, 2 nəfərə dini ayinlərin icraçısı, Lerikdə isə 1 nəfərə axund vəsiqəsi təqdim olunub.

QMİ rəsmisi bildirib ki, cənub bölgəsində keçirilən attestasiyada 135 ruhani iştirak edib.

Onun sözlərinə görə, attestasiyadan keçməyən ruhanilər dini mərasimlərdə iştirak edəcəkləri halda inzibati qaydada cəzalandırılacaqlar.

"Attestasiyadan keçən ruhanilərin siyahısı rayon icra hakimiyyətlərinə təqdim ediləcək. Attestasiyadan keçməyənlər dini mərasimlərdə iştirak edə bilməzlər. Belə faktlar aşkarlanarsa, onlar barəsində inzibati cəza tədbirləri görüləcək", - Seyidzadə deyib.

Növbəti attestasiyanın Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının ruhaniləri arasında aparılacağını deyən Seyidzadə bildirib ki, bir aydan sonra sözügedən bölgədə prosesə başlanacaq.

Attestasiyanın 3 kateqoriya üzrə (molla, axund və imam) aparıldığını deyən Seyidzadə bildirib ki, ruhanilərin "Quran"ı bilmələri mütləqdir.

Mollalar cənazə namazını, dəfn mərasimlərinin qaydalarını, axundlar və imamlar isə nikah, talaq (boşanma) mərasimlərini, irsi bölgülərin aparılması qaydalarını, ailədəki problemlərin şəriət qaydaları ilə həllini bilməlidirlər.

QMİ rəsmisi bildirib ki, attestasiyanın aparılmasında əsas məqsəd Bakı İslam Universitetinin məzunlarını bu sahəyə cəlb etməkdir. Çünki onlar bu prosedurların aparılmasında təcrübəyə və təhsilə sahibdirlər.

Xəbər lenti

Xəbər lenti