...

Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların 38 faizi ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır

Cəmiyyət Materials 25 İyul 2011 15:36 (UTC +04:00)
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların 38 faizi Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) pozulması ilə bağlıdır.
Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların 38 faizi ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların 38 faizi Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) pozulması ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov bazar ertəsi Azərbaycan Hüquqşünasları Konfederasiyası, Konstitusiya Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Avropa Konvensiyasının tətbiqi mövzusunda birgə təşkil etdiyi hakimlər və hüquqşünaslar üçün yay məktəbinin açılışında deyib.

Cəfərov bildirib ki, Avropa Məhkəməsi bu gün 816 milyon insanın öz fundamental hüquqlarının müdafiəsi ilə bağlı üz tuta biləcəyi məhkəməyə çevrilib.

Onun sözlərinə görə, ədalətli məhkəmə araşdırması hüququ demokratik cəmiyyətin ən vacib atributlarındandır.

"Bu hüququn bir halda belə pozulması narahatlıq doğurmalıdır. Təəssüf ki, başqa səhnəni görürük. Yalnız 2010-cu ildə Avropa Məhkəməsinin qəbul etdiyi qərarların 38 faizi Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır", - o deyib.

Cəfərovun sözlərinə görə, Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə azadlıq və toxunulmazlıq hüququnun vacibliyini qeyd edir və göstərir ki, bu normanın əsas məqsədi ondan ibarətdir ki, insanlar əsassız, özbaşına azadlıqdan məhrum edilə bilməzlər.

Vicdan, fikir və din azadlıqlarının pozulması ilə bağlı şikayətlərin tez-tez Avropa Məhkəməsində baxış predmeti olmadığını qeyd edən Cəfərovun sözlərinə görə, bu hal həmin normaların az əhəmiyyətli olması mənasını verməməlidir.

"Ekspertlər hesab edirlər ki, bu nisbi sakitlik daha çox hüquqşünaslar, o cümlədən hakimlərin həmin məsələlərə ehtiyatla yanaşması ilə əlaqədardır", - idarə rəisi vurğulayıb.

Cəfərov bildirib ki, Konvensiyanın tətbiqi, Avropa Məhkəməsinin presedentinin implementasiyası məsələləri daim diqqət mərkəzində saxlanılır.

Onun sözlərinə görə, Konvensiyanın düzgün tətbiqi Avropa Məhkəməsinin günbəgün artan iş yükünün azaldılmasına səbəb olar.

"Son 10 il ərzində Avropa Məhkəməsində baxılan şikayətlərin sayı təqribən 6 dəfə artaraq 61 mini keçib. İcraatda olan 140 min işin baxılmasına ən azı 20 il vaxt lazımdır. İcraata qəbul olunmayan şikayətlər də çox vaxt aparır. Onlar qəbul edilən şikayətlərdən 15 dəfə artıq olmaqla bütün şikayətlərin 90 faizini təşkil edir", - nazirlik rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti