...

Azərbaycanda göz infeksiyası yayılıb

Cəmiyyət Materials 26 İyul 2011 15:43 (UTC +04:00)
Azərbaycanda göz infeksiyası ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı artıb.
Azərbaycanda göz infeksiyası yayılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda göz infeksiyası ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı artıb. İran İslam Respublikası Qızıl Aypara Cəmiyyəti Klinikasının oftalmoloqu Təhməzi Rəzzaqın Trend-ə verdiyi məlumata görə, "adena virus konyuktivit" adlanan bu infeksiyaya çox asanlıqla yoluxmaq olur. Yoluxma hovuzlarda çimdikdə, çirkli sudan istifadə etdikdə baş verir.

"Bakının suyu o qədər təmiz olmadığı üçün infeksiya bu sudan da keçə bilər. Bununla yanaşı, infeksiya insana yoluxmuş digər insandan da keçir. Əgər xəstənin əlində "adena virus" varsa, digər şəxslə görüşəndə bu infeksiya onun da əlinə keçir. Həmin şəxs əlini üzünə, gözünə sürtdükdə isə artıq infeksiya onun gözünə keçir. Yaxud yoluxmuş şəxs dəsmalla üzünü quruladıqdan sonra başqa bir şəxs də ondan istifadə edərsə, artıq o da infeksiyaya yoluxur. Bu infeksiyaya yalnız ətrafındakı insanlardan yoluxmaya da bilərsən. Əgər avtobusa, metroya mindikdə səndən əvvəl xəstə dəstəkdən tutubsa, sən əlini həmin yerə vurduqda artıq infeksiyaya yoluxursan", - oftalmoloq deyib.

O bildirib ki, xəstənin yuxarı tənəffüs orqanlarında iltihab olarsa, onda infeksiya hava-damcı yolu ilə keçə bilər. Amma yuxarı tənəffüs orqanlarında iltihab yoxdursa və infeksiya yalnız gözdədirsə, onda infeksiya hava-damcı yolu ilə keçmir.

İnfeksiyaya immuniteti zəif olanlar daha tez yoluxurlar.

İnfeksiya nəticəsində gözdə qızarma və sulanma yaranır. İnfeksiyaya yoluxmuş insan ilk 10-12 gün ərzində güclü infeksiyadaşıyıcı sayılır. Gözdə qızarma və sulanma azaldıqda isə artıq proses "sakitləşmə"yə doğru gedir. Bu müddətdə infeksiyanın yoluxma ehtimalı azalır.

Həkim Rəzzaqın dediyinə görə, bu infeksiya 2-3 həftə ərzində sağalır. Amma infeksiyalı gözə bakteriya da keçərsə, xəstənin immuniteti zəif olarsa və xəstəlik şiddətlənərsə, onda gözün selikli qişasında pərdə əmələ gəlir. Bu pərdə buynuz qişanın üzərinə keçə bilər. Bu halda xəstənin görmə qabiliyyəti zəifləyir.

İnfeksiya müalicə olunmazsa və xəstəlik çox şiddətlənsə, xəstə kor da ola bilər. Ona görə də xəstəliyi vaxtında müalicə etmək və həkim nəzarətində olmaq lazımdır.

Həkim deyib ki, adətən, aprel-may aylarından geniş yayılmağa başlayan infeksiyaya yoluxma havalar sərinləşənə qədər davam edir.

Xəbər lenti

Xəbər lenti