...

Azərbaycanda gəncliyin hərtərəfli inkişafı üçün şərait yaradılıb - millət vəkili

Cəmiyyət Materials 12 Avqust 2011 16:19 (UTC +04:00)
Azərbaycanda gəncliyin hərtərəfli inkişafı üçün şərait yaradılıb. Bu barədə cümə günü Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib.
Azərbaycanda gəncliyin hərtərəfli inkişafı üçün şərait yaradılıb - millət vəkili

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda gəncliyin hərtərəfli inkişafı üçün şərait yaradılıb. Bu barədə cümə günü Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili daim dövlətin diqqət mərkəzində olub.

"Ümummilli lider Heydər Əliyev gənclərin vətənpərvərlik hislərinin inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyələnməsi və ümumiyyətlə, dünya gəncliyinin proqressiv hissəsinə çevrilməsi üçün mühüm işlər görüb. Məhz ümummilli liderin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Günü qeyd edilib. Ümummilli liderin təklifi ilə Milli Məclisdə "Gənclər siyasəti haqqında" qanun qəbul olunub. Gənclərin Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində tam iştirakı təmin olunub", - millət vəkili deyib.

Quliyev bildirib ki, bu iş Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, gənclərin inkişafı üçün işlər görülür.

"Məsələn, xaricdə təhsil alan gənclərin təhsilinin maliyyələşdirilməsi ilə bağlı iş aparılır. Gənclərin inkişafı ilə bağlı iki dövlət proqramı qəbul olunub, sonuncu proqram bu yaxınlarda təsdiq edilib. Ölkənin bütün rayon və şəhərlərində Olimpiya kompleksləri tikilir. Bu da gənclərin həm sağlamlığı, həm asudə vaxtlarını səmərəli keçirmələri, həm də idman sahəsində istedadı olan gənclərin aşkarlanması üçün vacib işlərdir. Yerlərdə gənclərin məşğulluğunun təmin olunması üçün həm dövlət proqramının xətti ilə, həm də qanunun tövsiyyələrinə uyğun olaraq istər dövlət orqanları, istərsə də QHT-lər tərəfindən gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı müxtəlif müəssisələr açılır", - deputat əlavə edib.

Quliyev onu da bildirib ki, gənclərin sağlamlığı ilə bağlı qanunda dəyişiklik edilib. Onun sözlərinə görə, qanuna tələbə gənclərin istənilən dövlət səhiyyə müəssisəsində pulsuz müayinə və müalicələrini həyata keçirə bilmələri ilə bağlı müddəa əlavə olunub.

Millət vəkilinin sözlərinə görə, dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gənclərinin beynəlxalq səviyyədə əldə etdiyi uğurlar gündən-günə artır.

Quliyev bildirib ki, bu gün dövlətin dəstəyi ilə minlərlə Azərbaycan gənci xarici ölkələrdə təhsil alır. Onların bir hissəsi artıq vətənə qayıdıb, bir hissəsi isə xarici ölkələrdə qalaraq Azərbaycan diasporunun formalaşmasında fəal iştirak edirlər.

Onun sözlərinə görə, son vaxtlarda Milli Məclisdə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış şəxslərin təqaüdə göndərilməsi ilə bağlı qanun qəbul edilib, bu da gənclərin məşğulluğunun təmin olunması, peşə fəaliyyətində irəliləmələri və vəzifə tutmaları üçün mühüm addımdır.

Quliyev qeyd edib ki, bütün bunlarla yanaşı, bəzən Azərbaycan gəncləri ölkə daxilində sabitliyi pozmaq istəyən qüvvələrin oyuncağına çevrilirlər.

"Gənclik açılmamış potensial enerjidir. O enerjini hansı istiqamətdə yönləndirsən, o sahədə müəyyən fəaliyyət göstərəcək. Xeyirə də desən, xidmət edəcək, şərə də desən, xidmət edəcək. Azərbaycanın dostları olduğu kimi, onu istəməyən qüvvələr də var. Həmin qüvvələr bəzən gizli, bəzən də açıq şəkildə Azərbaycanı içdən zəiflətmək, Azərbaycandakı sabitliyi pozmaq istəyirlər. Ölkədəki müəyyən sekta, dini icma və digər qruplar vasitəsilə Azərbaycan daxilində öz bəd məqsədlərini həyata keçirirlər. Bu siyasətin həyata keçirilməsi üçün ən optimal qüvvə olaraq gənclik seçilir", - o qeyd edib.

Gəncliyin sosial-psixoloji cəhətdən tam formalaşmamış, lakin olduqca güclü potensial enerjiyə malik sosial qrup olduğunu deyən millət vəkili əlavə edib ki, Azərbaycana düşmən kəsilən qüvvələr bəzən bu qrupa vədlər vermək, şirnikləndirməklə onu yoldan çıxarmağa nail olurlar.

"Bəzi qüvvələr Azərbaycan gəncliyini lazım olmayan istiqamətə yönəltmək istəyirlər. İstər din pərdəsi altında, istər demokratiya pərdəsi altında, istərsə də daha yaxşı yaşamaq pərdəsi altında bu işləri görürlər. Bütün bu işlər gənclərə daha yaxşı xidmət göstərmək məqsədi ilə görülmür", - o qeyd edib.

Quliyev bildirib ki, Azərbaycan gəncliyinin böyük hissəsi bunu dərk edir, başa düşür və onlar hər zaman dövlətin yanındadırlar.

"Müəyyən qruplar da varki, onlarla daim işləmək lazımdır. Bunun üçün dövlətin müvafiq icra hakimiyyəti orqanlarının da, QHT-lərin də, ictimai təşkilatların da üzərinə müəyyən iş düşür", - o vurğulayıb.

12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti