...

Azərbaycanda özəlləşdirilmiş 76 bağça öz profili üzrə işləmir

Cəmiyyət Materials 23 Avqust 2011 11:56 (UTC +04:00)
Azərbaycanda ümumilikdə özəlləşdirilən 84 bağçadan yalnız 8-i öz profili üzrə, yəni bağça kimi işləyir. Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.
Azərbaycanda özəlləşdirilmiş 76 bağça öz profili üzrə işləmir

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ümumilikdə özəlləşdirilən 84 bağçadan yalnız 8-i öz profili üzrə, yəni bağça kimi işləyir. Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.

Onun sözlərinə görə, TN özəlləşdirməyə çıxarılan, lakin özəlləşdirilməyən məktəbəqədər təhsil müəssisələrinin gələcəkdə özəlləşdirilməyə çıxarılmaması və dövlətin himayəsində qalması ilə bağlı Baş nazir Artur Rasizadəyə müraciət edib. Amma NK hələ də TN-nin bu müraciətinə cavab verməyib.

"Özəlləşdirmədə əsas şərt müəssisənin bu prosesdən sonra da öz profili üzrə işləməsidir. Əgər bağçadırsa, bağça kimi fəaliyyət göstərməlidir. Onu özəlləşdirib başqa məqsədlər üçün istifadə etmək olmaz. Onlar mağaza və ya bərbərxanaya çevrilməməlidir. Amma bu gün 8-i istisna olmaqla, özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisələri bağça kimi işləmir", - sektor müdiri əlavə edib.

Alnağıyeva deyib ki, özəlləşdirilməyə çıxarılan, lakin hələ özəlləşdirilməyən müəssisələr dövlət təminatındadır. Amma müəssisə özəlləşdirildikdən sonra artıq dövlət təminatından çıxarılaraq sahibkara verilir.

"Həmin özəlləşdirilən müəssisələr də artıq nazirliyin balasından çıxıb. Ona görə də onların yenidən öz profili üzrə işləməsinə məcbur etmək, buna görə onları cəzalandırmaq nazirliyin səlahiyyətində deyil. Bu məsələ ilə xüsusi qurumlar məşğul olmalıdır", - nazirlik rəsmisi qeyd edib.

Hazırda respublika üzrə 107 954 uşağı əhatə edən 1653 uşaq bağçası var. 103 157 uşağı əhatə edən 1571 müəssisə Təhsil Nazirliyi tabeliyindədir.

Azərbaycan Prezidentinin sərəncamı ilə 2006-cı ildə ölkə üzrə 240 bağça özəlləşdirməyə açıq elan edilib.

Özəlləşdirilmiş 84 bağçanın 47-si Bakının payına düşür.

Xəbər lenti

Xəbər lenti