Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ali Məhkəməsinin sədri əmlak müsadirəsinin cəza sistemindən çıxarılmasının tərəfdarı deyil. Ali Məhkəmənin sədri Ramiz Rzayev Trend-ə bildirib ki, əmlak müsadirəsi cəzası təcrübədə məhdud hallarda icra olunur.
Onun sözlərinə görə, qanunvericilikdə əmlak müsadirəsi cəzasının verilməsi iki halda mümkündür: əmlak cinayətin alətidirsə və ya həmin əmlakın cinayət yolu ilə alınması sübut olunarsa. Bu iki hal olmadan əmlak müsadirəsi cəzası verilə bilməz.
"Məsələn, biri rüşvət alıb, ya da dövlət əmlakını mənimsəyərək ev alıb. Sübut olunsa ki, həmin ev qeyd etdiyim iki haldan biri baş verməklə alınıb, onda həmin əmlak müsadirə olunur. Qalan bütün hallarda əmlak müsadirəsinə icazə verilmir", - Rzayev deyib.
Ali Məhkəmənin sədri bildirib ki, əmlak müsadirəsi Cinayət Məcəlləsinin bir neçə maddəsinin sanksiyasında nəzərdə tutulub. Bir qrup ekspertlər və hüquqşünaslar hesab edir ki, əmlak müsadirəsi cəzası vərəsələrin mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev daha öncə Trend-ə bildirmişdi ki, qanunvericilikdə əmlak müsadirəsi cəzası ilə bağlı belə yanaşma təsdiqini taparsa, vətəndaşların mülkiyyət hüquqları daha etibarlı qorunmuş olar.