...

2 aprel məhbuslarının işi üzrə məhkəmə baxışı davam etdirilib

Cəmiyyət Materials 19 Sentyabr 2011 17:29 (UTC +04:00)
Bu gün Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı və Məhəmməd Məcidlinin barəsində Cinayət Məcəlləsinın 233-cü maddəsi ilə olan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
2 aprel məhbuslarının işi üzrə məhkəmə baxışı davam etdirilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bu gün Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı və Məhəmməd Məcidlinin barəsində Cinayət Məcəlləsinın 233-cü maddəsi ilə olan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə iclasında 1 nəfər şahid, 1 nəfər zərərçəkmiş polis əməkdaşı və 2 nəfər mülki iddiaçı kimi tanınan zərərçəkmiş və onların nümayəndəsi olmaqla, 4 nəfər dindirilib.

Şahid Rauf Bağıyev təqsirləndirilən şəxs Fuad Qəhrəmanlının 2 aprel 2011-ci ildə Bakının mərkəzində "Fəvvarələr" meydanı və yaxın ətraf ərazilərdə həmin təqsirləndirilən şəxslərin öz fəal hərəkətləri ilə polis əməkdaşlarının dağılışma və digər qanuni tələblərinə əməl etmədiklərini, ictimai qaydanın pozulması, sakinlərin narahatlığı və nəqliyyatın normal hərəkətinin pozulmasına səbəb olan hərəkətlərə yol verdiyindən saxlandığını deyib.

Zərərçəkən polis əməkdaşı Tərlan Əhmədov ifadəsində aksiya zamanı iştirakçıların dağılışma barədə xəbərdarlıqlara əməl etmədiyini deyib.

Təqsirləndirilən şəxs Tural Abbaslının Mərkəzi Univermağın ətrafına toplaşmış aksiya iştirakçılarına rəhbərlik edərək onları "Fəvvarələr" meydanına toplaşmağa, nəqliyyat vasitələrinin hərəkətinə mane olaraq, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının tələblərinə tabe olmamağa çağırışlar etməsini və ictimai qaydanın pozulmasının qarşısını alarkən qanunsuz hərəkətlərin iştirakçılarının ona xəsarət yetirdiyini bildirməklə təqsiri şəxslərin qanun çərçivəsində cəzalandırılmalarını tələb edib.

Daha sonra iş üzrə izahat vermiş zərərçəkən və ya mülki iddiaçıların nümayəndələri bildiriblər ki, aprelin 2-də Bakının mərkəzində, "Fəvvarələr" meydanı və yaxın ətraf ərazilərdə ictimai qaydanın pozulması və nəqliyyatın normal hərəkətlərinin pozulmasına səbəb olan hərəkətlər nəticəsində onlara ziyan vurulduğunu bildirib və ziyanın təqsirli şəxslərdən tutularaq onlara ödənilməsini tələb ediblər.

Sonda iş materialları tədqiq olunarkən müəyyən olunub ki, aprelin 2-də Bakının mərkəzində "Fəvvarələr" meydanı və yaxın ətraf ərazilərdə ictimai qaydanın pozulması və nəqliyyatın normal hərəkətlərinin pozulmasına səbəb olan hərəkətlər nəticəsində məhəkəmə-tibb ekspertizasının rəyləri ilə müəyyən olunub ki, 24 nəfər polis əməkdaşına, 1 nəfər isə mülki vətəndaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Hadisə yerinə baxış protokolu, aiditor rəyi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri ilə müəyyən olunub ki, Bakının mərkəzində "Fəvvarələr" meydanı və yaxın ətraf ərazilərdə ictimai qaydanın pozulması və nəqliyyatın normal hərəkətlərinin pozulmasına səbəb olan hərəkətlər nəticəsində "Transqeyt" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.650 manat, Məmmədova Şahnisə Nəsrəddin qızına 850 manat, "3 №-li Avtonəqliyat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.255 manat, "EN Trans Çinar" Məhdud Məsuliyyətli Cəmiyyətinə nümayəndəsi 480 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Avtomobil təsərrüfatına 8.744 manat və fiziki şəxs Əliyeva Fəridə Elman qızına 1.000 manat, "Mister Komp" kompüter satış mağazasına 640 manat, "Bestkomp Qroup" firmasına 980 manat, "Qasid" ASC-yə 27 manat, "Turanbank" ASC-yə 562 manat, "DNS" kompüter şirkətinə 275 manat, "Standartbank" QSC KB-yə 658 manat, "Aydın" MTK-ya 312 manat, "Fasihon Zone" mağazasına 252 manat, "Tüstü" tütün ləvazimatları mağazasına 315 manat, "Modalar atelyesi"nə 73 manat, "FS Companiy" aksesuarlar mağazasına 95 manat məbləğində zərər dəyib.

Telekanallar tərəfindən aparılmış videoçəkilişin əks olunduğu CD-yə baxış keçirilərkən müəyyən olunub ki, Qəhrəmanlı qanunsuz aksiya zamanı avtomaşınların ən çox hərəkət etdiyi R.Behbudov küçəsində bir qrup şəxsin önündə gedib onlara rəhbərlik edərək müxtəlif şüarlar səsləndirməyə çağıraraq, polis əməkdaşlarınınn dağılışmaq tələblərini yeri yetirməyərək nəqliyyatın sərbəst hərəkətinə mane olub.

Digər CD nümayiş etdirilərkən müəyyən olunub ki, zərər çəkmiş şəxs Sərvan Məhərrəmova məxsus "Shaolin Sl G6660CG" markalı Az-90-DX-546 dövlət nömrə nişanlı avtobusu 02.04.2011-ci il tarixdə aksiya iştirakçıları Arif Alışlı və Elnur İsrafilov təpikləyərək zərər yetirib, bundan başqa aksiya zamanı bir sıra obyektlərin şüşəsi sındırılıb.

Xəbər lenti

Xəbər lenti