...

Azərbaycanda orta məktəblərdə şahmat müstəqil fənn kimi tədris ediləcək

Cəmiyyət Materials 21 Oktyabr 2011 17:04 (UTC +04:00)
Oktyabrın 21-də Təhsil Nazirliyində ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Azərbaycanda orta məktəblərdə şahmat müstəqil fənn kimi tədris ediləcək

Azərbaycan, Bakı, 21 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Oktyabrın 21-də Təhsil Nazirliyində ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanov bildirib ki, nazirlik sistemində 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir.

Bu məktəblərdə 2648 qrupda 36 mindən çox məktəbli şahmatın sirlərini öyrənir. Mərdanov şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir inventar, avadanlıq, kompüter, dərslik və dərs vəsaitləri ilə tam təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, son illər bir çox rayonlarda yeni Uşaq-Gənclər Şahmat Məktəblərinin tikilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Respublikamızın ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin aktuallığını diqqətə çatdıran təhsil naziri Dövlət Proqramına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün görüləcək işlərin müəyyənləşdirilməsi məsələlərinə toxunub.

Bu məqsədlə müvafiq tədris proqramının hazırlanmasının, məktəblərdə həmin fənni tədris edəcək müəllimlərin seçilməsinin zəruriliyini vurğulayan təhsil naziri, həmçinin dünya təcrübəsinin dərindən öyrənilməsinin gərəkli olduğunu bildirib.

Nazir, ilk növbədə bu yeniliyin tətbiq olunacağı məktəblərin seçilməsi və qazanılmış təcrübə əsasında digər ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələlərinə baxılmasının daha səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Misir Mərdanov qeyd olunan məsələlərlə bağlı Azərbaycan Şahmat Federasiyasının Təhsil Nazirliyinə göndərdiyi təklifləri diqqətə çatdırıb, qarşıda duran müvafiq vəzifələrin həlli üçün tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti