Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda erkən yaşlarından evləndirilən şəxslər barədə yerli polis orqanları məlumatlı olmalıdır və müvafiq tədbirlər görməlidirlər. Bu barədə Trend-ə çərşənbə günü millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
"Əgər yerli polis orqanları, sahə müvəkkilləri kənddə hər hansı bir oğurluq hadisəsini araşdıra bilirlərsə, nikah yaşına çatmayanlar arasında qurulan toy mərasimlərindən də xəbərdar olmalıdırlar", - Qənizadə bildirib.
Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin çərşənbə günü keçirilən birgə iclasında Cinayət Məcəlləsinə və Ailə Məcəlləsinə edilən təkliflər parlamentin plenar iclasına tövsiyə olunub.
Cinayət Məcəlləsinə təklif olunan əlavəyə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.
Çingiz Qənizadə hesab edir ki, icra strukturları bu prosesə nəzarət etməlidirlər.
"İnsanlarda həddi-buluğa çatmamış yaşda ailə həyatı qurmaq, onların valideynlərində bu addıma yol verilməməsi məsələsində qorxu olmalıdır", - millət vəkili deyib.
Həmçinin, Qənizadə könüllü şəkildə olsa belə, nikah yaşına çatmayan şəxslərin evlənməsinə qadağa qoyulmasının zəruri olduğunu hesab edir.