...

Azərbaycanlı 11 uşaq Barselonanın futbol akademiyasında təhsil alacaq (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2011 13:38 (UTC +04:00)
Azərbaycanın 11 nəfər gənc futbolçusu İspaniyanın Barselona şəhərinə Xristo Stoiçkovun futbol akademiyasına təhsil almağa göndərilir.
Azərbaycanlı 11 uşaq Barselonanın futbol akademiyasında təhsil alacaq (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın 11 nəfər gənc futbolçusu İspaniyanın Barselona şəhərinə Xristo Stoiçkovun futbol akademiyasına təhsil almağa göndərilir.

"Barselona" futbol klubu ilə sıx əlaqədə fəaliyyət göstərən akademiyanın texniki direktoru Antonio Sançes Munos çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında bildirib ki, Tovuz rayonundan seçilən gənc futbolçuların böyük potensialı var və düzgün hazırlıq keçəcəyi təqdirdə böyük futbolçu gələcəyi ola bilər.

Həmin gənclərin futbol təhsili almasının təşəbbüskarı olan Tovuzun "Turan" klubunun prezidenti Musa Süleymanov tədbirdə bildirib ki, 1996-1998-ci il təvəllüdlü gənclər Barselona şəhərinin futbol akademiyasında 2 il müddətində təhsil alacaqlar.

"Azərbaycanda istedadlı futbolçuların 16-17 yaşdan sonra inkişaf etmədiyinin şahidi oluruq. Xarici məşqçinin Azərbaycana gətirilməsindənsə uşaqların nüfuzlu məktəblərə göndərilməsini məqsədəuyğun hesab etdik", - o deyib.

Klub prezidenti həmçinin qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçulardan komplektləşdirilmiş gənc futbolçuların 18 yaşadək heç bir maliyyə təklifi müqabilində digər klublara satılmayaraq "Turan" klubunun özəyini təşkil edəcəklərini vurğulayıb.

Xristo Stoiçkovun futbol akademiyasının digər seleksioneri Loze Luis Villar mətbuat konfransında qeyd edib ki, 12 ildir fəaliyyət göstərən akademiyanın digər analoji məktəblərdən fərqi uşaqların futbol biliklərindən başqa, ümumi təhsil və digər inkişafının da təmin olunmasıdır. "Hər bir azərbaycanlı futbolçuya fərdi yanaşma olacaq", - o deyib.

Akademiyanın hazırda 1000-dək tələbəsi var, orada 5-19 yaşlı uşaqlar təhsil alır.

Xəbər lenti

Xəbər lenti