Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri Azərbaycan Müəllif Hüquqları Agentliyinin bu quruma ermənilərin Azərbaycan folkloru nümunələrini, müəllif əsərlərini və digər qeyri-maddi irs nümunələrini oğurlamaları ilə bağlı etdiyi müraciətə cavab verib.
Agentlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, ermənilərin Azərbaycan folkloru nümunələrini, müəllif əsərlərini və digər qeyri-maddi irs nümunələrini oğurlamaları uzun illərdir ki, davam edir və bu, artıq ənənəyə çevrilib.
Bununla əlaqədar çoxsaylı faktlar barədə Müəllif Hüquqları Agentliyi vaxtaşırı olaraq, müvafiq tədbir görülməsi üçün beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciətlər göndərir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunun Azərbaycan tərəfinə göndərdiyi cavab məktubunda göstərilənlərin nəzərə alındığı və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ilə çox gözəl əlaqələrin davam edəcəyinə ümid bəsləndiyi qeyd olunub.