...

Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 15 medal qazanıblar

Cəmiyyət Materials 15 Noyabr 2011 12:32 (UTC +04:00)
Azərbaycandan olan gənc gimnast Ləman Hacızadə beynəlxalq turnirlərdə uğurlu çıxışlarını davam etdirir.
Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 15 medal qazanıblar

Azərbaycan, Bakı, 15 noyabr / Trend/

Azərbaycandan olan gənc gimnast Ləman Hacızadə beynəlxalq turnirlərdə uğurlu çıxışlarını davam etdirir.

Bu dəfə medalların qazanıldığı yer Qırmızı dənizin sahillərinin mirvarisi və İsrailin məşhur kurortu Eylat şəhəri olub.

Bir həftə əvvəl Bolqarıstanda olduğu kimi, 12 yaşlı bakılı gimnast yenidən beş mükafat qazanıb. Lentlə tapşırığı yerinə yetirdikdən sonra hakimlər birinci yerin qalibini müəyyən etməkdə çətinlik çəkməyiblər və onlar layiq olduğu mükafatı qeyd-şərtsiz Hacızadəyə təqdim ediblər. Ləman digər növlər (həlqə, top, gürz və çoxnövçülük) üzrə 4 gümüş mükafat alıb.

Eylatda keçirilən turnirin daha bir qızıl medalı Züleyxa İsmayılovanın (2000-ci il təvəllüdlü) boynunda parlayıb.

Beynəlxalq yarışda ilk dəfə çıxış etmiş İsmayılova üç dəfə - top, həlqə və şəxsi birincilikdə çıxışların yekunu üzrə fəxri kürsünün üçüncü pilləsinə çıxıb.

Onunla yanaşı, Gülsüm Şəfizadə 4 bürünc qazanıb. 1998-ci il təvəllüdlü gimnastların yaş kateqoriyasında o, həlqə, top, gürz və çoxnövçülük üzrə çıxışlar edib.

Və nəhayət, daha iki bürüncü 1997-ci il təvəllüdlü idmançıların yaş qrupunda çıxış edən Mənsurə Bağıyeva (top) və Yekaterina Prokopenko (lent) tutub.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva hesab edir ki, "gənc gimnastlarımız hər startda təcrübə toplayırlar və daha yaxşı çıxış edirlər".

"Əlbəttə, qarşıda daha böyük işlər durur, lakin məni çox perspektivli nəslin böyüməsi sevindirir", - bolqar mütəxəssis deyib.

Komandanın liderinə gəldikdə, Aliyə Qarayeva planetin digər adlı-sanlı gimnastları sırasında Bilbaodakı qala-şouya dəvət edilib. Basklar ölkəsində o, özünün gürz və lentlə ən yaxşı hərəkətlərini nümayiş etdirib və sonda nümunəvi hərəkətlərlə də çıxış edib.

Bu həftənin sonunda Qarayeva noyabrın 19-da Biella şəhərciyində keçiriləcək İtaliya klub çempionatının üçüncü turunda A1 seriyasında çıxış edəcək. Gənc gimnastlar isə 18-ci Azərbaycan birinciliyində və Bakı çempionatında (18-19 noyabr, Şağan Olimpiya İdman Kompleksində) çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti