Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir İ.İsabalayeva/
Son 6 ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki orta məktəblərdə yığma saatlarla işləyən ibtidai sinif müəllimlərinin sayı 7 dəfəyədək azalıb.
BŞTİ-nin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhman Nəbiyev bazar ertəsi Trend-ə bildirib ki, 2006 -cı ildə BŞTİ - nin tabeliyində olan ümumtəhsil məktəblərində yığma saatlarla işləyən ibtidai sinif müəllimlərinin sayı 1400 nəfər olduğu halda, indi bu rəqəm 202 nəfərdir.
Nəbiyev bildirib ki, bu nəticəyə sinif komplektlərinin azalması fonunda nail ola biliblər.
Onun sözlərinə görə, ibtidai sinif müəllimlərinin sayının azalmasının səbəblərindən biri kurikulumun tətbiqi ilə əlaqədar olaraq, yığma saatlar hesabına işləyən müəllimlərin ixtisarı olub.
Nəbiyev əlavə edib ki, ibtidai sinif müəllimlərinin sıxlığı əsasən şəhərin mərkəz hissələrində özünü qabarıq göstərirdi.
O qeyd edib ki, Nərimanov, Nəsimi, Binəqədi, Yasamal və Nizami rayonlarında ibtidai sinif müəllimlərinin sıxlığı yüksək olduğu halda, Xəzər, Sabunçu və Qaradağ rayonlarında bu ixtisas üzrə müəllimlərə ehtiyac duyulurdu.
İdarə rəsmisi deyib ki, son illər Bakı şəhərində 22 yeni məktəb istifadəyə verilib, 28 əlavə tədris korpusu tikilib. Əslində həmin məktəblərin fəaliyyət göstərməsi üçün 2000- dən çox müəllimin işə qəbulu həyata keçirilməli idi. Yeni məktəblərə qəbul əsasən sıxlığı çox olan məktəblərdən müəllimlərin köçürülməsi yolu ilə həyata keçirilib.