...

"Eurovision" ilə əlaqədar turizm müəssisələrinə aprelin sonunadək vaxt veriləcək

Cəmiyyət Materials 12 Dekabr 2011 17:46 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi "Eurovision 2012" ilə əlaqədar bələdçilərin fəaliyyətlərinin sertifikatlaşdırılması üçün yaxın günlərdə ölkə ərazisində turizm xidmətləri göstərən bütün müəssisələrə müraciət edəcək.
"Eurovision" ilə əlaqədar turizm müəssisələrinə aprelin sonunadək vaxt veriləcək

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "Eurovision 2012" ilə əlaqədar bələdçilərin fəaliyyətlərinin sertifikatlaşdırılması üçün yaxın günlərdə ölkə ərazisində turizm xidmətləri göstərən bütün müəssisələrə müraciət edəcək. Bunu bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyib.

"Müraciətdə müəssisələrin nəzərinə çatdırılacaq ki, bununla bağlı ölçü götürsünlər və bələdçilərinin sertifikat almasını təmin etsinlər. Əgər bələdçiləri yoxdursa və kimləri isə "Eurovision 2012" müddəti üçün qısamüddətli bələdçi kimi işə cəlb edəcəklərsə, onda həmin şəxsin kimliyini müəyyənləşdirsinlər. Eyni zamanda, onun akkreditasiyadan keçib-kecmədiyini əvvəlcədən müəyyənləşdirsinlər", - Aslanov qeyd edib.

O bildirib ki, bunun üçün turizm xidməti göstərən müəssisələrə aprelin sonuncu iş gününə qədər vaxt veriləcək.

Prorektor əlavə edib ki, akkreditasiya pulsuzdur. Bələdçilər akkreditasiyadan keçmək üçün müvafiq sənədlər təqdim etməli, daha sonra bələdçi bələdçilik edəcəyi dil üzrə imtahan verməlidir. Bununla bağlı yaradılmış müvafiq komissiya bələdçilərin Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, memarlığı və digər biliklərini yoxlayacaq. Bu tələblərə cavab verən bələdçilərə sertifikat veriləcək və onlar 5 il ərzində bələdçilik fəaliyyəti göstərmək hüququ əldə edəcəklər.

Bu məsələyə ciddi nəzarət ediləcəyini deyən Aslanov qeyd edib ki, bütün bu tədbirlərin məqsədi "Eurovision 2012"-də iştirak etmək üçün Azərbaycana gələn qonaqlara yüksək səviyyədə xidmət etmək və ölkəmizin turizm potensialının tanınması üçün yaranmış imkandan əlverişli istifadə etməkdir.

"Biz yalnız müvafiq bələdçi sertifikatını almış bələdçilərin xidmətlərinin keyfiyyətinə təminat verə bilərik. Çünki onlara dərs keçmişik və onların biliklərinin səviyyəsini bilirik. Amma kimsə sertifikat almadan bələdçilik xidməti göstərəcəksə və onunla bağlı hər hansı problem yaranacaqsa, biz onda məsuliyyəti üzərimizə götürməyəcəyik", - Aslanov qeyd edib.

Sertifikat almaq üçün hər bir bələdçinin Azərbaycan Turizm İnstitutunda təşkil olunan bələdçi kurslarında iştirak etməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti