...

Azərbaycanda ibtidai siniflərdə dərslərin neçə müəllim tərəfindən keçilməsinin effektivliyi araşdırılır

Cəmiyyət Materials 15 Dekabr 2011 13:16 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində ibtidai təhsil pilləsində musiqi, bədən tərbiyəsindən başqa digər fənlər bir müəllim tərəfindən tədris edilməlidir.
Azərbaycanda ibtidai siniflərdə dərslərin neçə müəllim tərəfindən keçilməsinin effektivliyi araşdırılır

Azərbaycan, Bakı, 15 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ibtidai siniflərdə dərslərin neçə müəllim tərəfindən keçilməsinin effektivliyinin araşdırılmasına başlanılıb.

"Azərbaycanın orta məktəblərində ibtidai təhsil pilləsində musiqi, bədən tərbiyəsindən başqa digər fənlər bir müəllim tərəfindən tədris edilməlidir", bunu cümə axşamı Trend-ə Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov deyib.

O bildirib ki, əvvəlcədən müəyyənləşdirilmiş qaydaya görə, 1-4-cü siniflərdə bütün fənlər bir müəllim tərəfindən aparılmalıdır. Ancaq ibtidai təhsil pilləsi üçün müəllim hazırlığı zamanı bu, tam olaraq, nəzərə alınmır.

Buna təəssüflənən Mehrabov hesab edir ki, I sinfə gedən uşağa fənlərin müxtəlif müəllimlər tərəfindən tədris edilməsi, onun müxtəlif xarakterli müəllimlərlə üzləşməsi şagird üçün psixoloji problemlər yaradır.

Onun sözlərinə görə, ibtidai siniflərdə bütün fənlər bir müəllim tərəfindən tədris edilə bilər. Amma bunun üçün ali məktəblərdə ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə kadrlar hazırlanarkən bu fənlərin hamısının müəllimə öyrədilməsi, müəllim hazırlığında bunların nəzərə alınması vacibdir.

"Ancaq çox təəssüflər olsun ki, keçmiş SSRİ dövründə bunlar tamamilə öyrədilmirdi. İndi isə biz çalışırıq ki, bunlar ilkin müəllim hazırlığında nəzərə alınsın", - institut direktoru qeyd edib.

Onun sözlərinə görə, ibtidai təhsil pilləsində şagirdə dərslər bir müəllim tərəfindən keçilirsə, onda IV sinifdən V sinfə keçən zaman onlarda çox böyük daxili gərginlik yaranır.

"İbtidai sinifdə bir müəllimə öyrəşən uşağın V sinifdə hər fənn üzrə ayrıca müəllimi olur. Bu da psixoloji cəhətdən uşağa pis təsir göstərir. Hazırda bununla bağlı araşdırma aparılır ki, bu məsələ necə həll edilməlidir", - Mehrabov bildirib.

O hesab edir ki, şagirdlərdəki bu gərginliyi azaltmaq üçün başqa üsuldan da istifadə etmək olar.

İnstitut direktorunun sözlərinə görə, bəzi fənlər - musiqi, bədən tərbiyəsi, informatika və s. ibtidai məktəb pilləsindən yuxarı pillələrdə, məsələn 5-6-cı siniflərdə də tədris edilir. İnstitutun apardığı araşdırmalar zamanı yuxarı siniflərdə o fənləri tədris edən müəllimlərin ibtidai siniflərdə də həmin fənləri tədris etməsinin səmərəliliyi araşdırılacaq.

Mehrabov deyib ki, hazırda sadalanan bütün bu məsələlərlə bağlı tədqiqatlar aparırlar.

Tədqiqatlar zamanı ibtidai təhsil pilləsində bir müəllim tərəfindən ana dili, riyaziyyat, həyat bilgisi, informatika, xarici dil, təsviri incəsənət, musiqi, bədən tərbiyəsinin tədris edilməsinin effektivliyi müəyyənləşdiriləcək.

"Eyni zamanda, ali məktəblərdə ilkin müəllim hazırlığı zamanı həmin fənlərin hamısının bir müəllim tərəfindən tədris edilməsi üçün tələb olunan bütün bacarıqların formalaşdırılıb-formalaşdırılmaması aydınlaşdırılacaq. Son nəticədə bunlarla bağlı təkliflər veriləcək ki, hansı fənlər bir müəllim tərəfindən aparılsın və bir müəllimin bütün fənləri tədris etməsinin səmərəsi necədir", - Mehrabov qeyd edib.

O bildirib ki, tədqiqat nəticəsində ilkin müəllim hazırlığının təşkili, ibtidai təhsil pilləsi üçün müəllim hazırlığı zamanı hansı fənlərə üstünlük verilməsi ilə bağlı təkliflər hazırlanacaq. Təkliflər gələn ilin sonunda hazır olacaq.

Xəbər lenti

Xəbər lenti