Gürcüstan, Tbilisi, 28 dekabr /Trend/
Gürcüstan vətəndaşı olan azərbaycanlı parlamentin spikerindən Ukraynada mühakimə edilən oğlunun azad edilməsinə kömək etməyi xahiş edib.
Trend-in məlumatına görə, bu gün səhərdən Dmanisi rayonunun Amamlo kəndinin sakini (Kvemo Kartli regionu, Şərqi Gürcüstan) Hümbət Seyidov Gürcüstan parlamentinin girişində oturub. O, qanunverici orqanın spikeri ilə görüşməyi tələb edir. Onun sinəsindəki lövhədə belə yazılıb: "Cənab David, məni qəbul edin. Mən qanun axtarıram və onu tapa bilmirəm. Ədalətin harada olduğunu göstərin".
Seyidovun Trend-ə dediyinə görə, o, Ukraynada qanunsuz olaraq 27 il mühakimə edilən 30 yaşlı oğlu Qalib Seyidovun azad edilməsini tələb edir.
Seyidovun məlumatına əsasən, Gürcüstanın hüquq-mühafizə orqanları onun oğlunu dələduzluq ittihamı üzrə axtarıblar. Söhbətdən məlum olub ki, Qalib Seyidov avtomobil təmirçisi olub. Ötən ilin iyununda o, müştərilərdən birinin avtomobilini sona qədər təmir etməyib və ilkin olaraq ödənilən 5 min larini (1 dollar=1,67 lari) qaytarmayıb. Lakin avtomobilin sahibi şikayət etməyib. Ata əmindir ki, onun oğlu qanunsuz olaraq mühakimə edilib.
Parlamentin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Maka Qiqaurinin Trend-ə bildirdiyinə görə, spiker David Bakradzenin tapşırığı ilə onun vətəndaşlarla əlaqələr üzrə köməkçisi Mzia Laliaşvili şəxsən Hümbət Seyidovla görüşəcək.