...

Azərbaycanda ötən il insan alveri cinayətlərinin statistikası açqılanıb

Cəmiyyət Materials 12 Yanvar 2012 12:43 (UTC +04:00)
Azərbaycanda ötən il insan alveri ilə bağlı 69 cinayət faktı qeydə alınıb.
Azərbaycanda ötən il insan alveri cinayətlərinin statistikası açqılanıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il insan alveri ilə bağlı 69 cinayət faktı qeydə alınıb. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyib.

İdarə rəisi bildirib ki, 2011-ci ildə insan alveri ilə bağlı 29 qurban müəyyən edilib.

İnsan alveri cinayəti ilə məşğul olan 5 mütəşəkkil qrup zərərsizləşdirilib, 20 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib.

Şıxəliyevin sözlərinə görə, insan alveri qurbanları daha çox Türkiyə, az miqdarda Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İrana aparılıb.

İnsan alverinin qurbanlarının əksəriyyəti qadınlar və 20-38 yaş arasında olanlardır.

Hesabat dövründə məcburi əməyə cəlb etməklə bağlı 3 fakt qeydə alınıb. Həmin cinayətin qurbanları Rusiyaya aparılıb və istismar olunublar.

Hazırda həmin faktlar üzrə istintaq aparılır.

İdarə rəsmisi uşaqların məcburi əməyə cəlb edilməsi ilə bağlı ötən il ərzində hər hansı fakt aşkarlanmadığını deyib.

Şıxəliyev bildirib ki, ötən il orqan transplantasiyası ilə bağlı 2 fakt aşkarlanıb. 2 nəfər Azərbaycan vətəndaşı Şri-Lankaya aparılıb. Həmin faktlar üzrə Baş Prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

Azərbaycanın insan alveri üçün təyinat ölkəsi olmadığını deyən Şıxəliyev bildirib ki, ötən il ölkə daxilində insan alveri faktı aşkarlanmayıb və qurban müəyyən edilməyib.

Onun sözlərinə görə, 2010-cu ildə Özbəkistan vətəndaşının Azərbaycanda fahişəliyə cəlb edilməsi faktı aşkarlanmışdı.

İdarə rəsmisi deyib ki, ötən il qurum tərəfindən fahişəliyə cəlb etməklə əlaqədar 43, əxlaqsızlıq yuvaları saxlama ilə bağlı 53 fakt aşkar edilib.

Özləri fahişəliklə məşğul olan 112 qadın saxlanılıb.

İnsan alverinin qurbanı olmuş 29 nəfərə Nazirlər Kabineti tərəfindən müəyyən edilən birdəfəlik müavinət (200 manat) verilib, 21 nəfərə DİN-in Kömək Fondundan yardımlar edilib.

"Qurbanların hamısına hüquqi, psixoloji, tibbi yardımlar göstərilib. Polislə əməkdaşlıq etmək istəməyən 113 qurbana da tibbi, psixoloji, hüquqi, maddi yardımlar edilib. Qurbanlara edilən bütün yardımlar və təminatlar ilbəil təkmilləşdirilir. Gələcəkdə müavinətlərin məbləğinin artırılması mümkündür", - Şıxəliyev deyib.

İdarə rəisi insan alverinin qarşısının alınması məqsədilə respublika səviyyəsində geniş maarifləndirmə tədbirlərinin aparıldığını da qeyd edib.

Uşaq əməyinin, eləcə də məcburi əməyin qarşısının alınması, belə faktların müəyyən edilməsi məqsədilə daş karxanalarında və tikinti müəssisələrində birgə reydlər keçirilib.

Uşaqların pambıqçılıq və tütünçülük təsərrüfatlarında məcburi əməyə cəlb edilməsinin qarşısının alınması məqsədilə bir sıra rayonlarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsus təsərrüfatlarda monitorinq keçirilib və məcburi əməyə cəlb etmə faktı qeydə alınmayıb.

İdarə əməkdaşları tərəfindən ötən il 66 rayonda, 33 orta və ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri aparılıb. 1500 maarifləndirici vəsait çap olunub, 4 min maarifləndirici materiallar paylanıb.

Orta məktəb müəllimlərinə 19 min ədəd yaddaş kitabçası, şagirdlərə 81 min ədəd cib kartı, 5750 plakat, disklər paylanıb.

İdarə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Beynəlxalq Əmək Təşkilatı, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti