...

"Elektron hökumət" dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə doğru yoldur

Cəmiyyət Materials 12 Yanvar 2012 17:53 (UTC +04:00)
Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət hakimiyyəti orqanları irimiqyaslı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə keçiblər
"Elektron hökumət" dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə doğru yoldur

Hüseyn Vəliyev - Trend-in əməkdaşı

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət hakimiyyəti orqanları irimiqyaslı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə keçiblər. Bu prosesin hərəkətverici qüvvəsi dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə tələbatın artmasıdır.

Bu gün Azərbaycanda aparılan islahatların əsas motivi elektron formada dövlət xidmətlərinin göstərilməsinə keçiddir. Əhəmiyyətli investisiyalar və səylər də məhz bu istiqamətdə cəmləşib. Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat və digər sahələrdə artıq bəzi informasiya sistemləri yaradılıb.

Ölkə rəhbərliyinin bəyan etdiyi informasiyalaşdırma və dövlət elektron xidmətlərinin tətbiqi kursu saxlanılır, həyata keçirilən bütün obyektlər elektron hökumətin qurulması kimi bir məqsəd üzrə birləşib.

Ötən il Azərbaycanda "Elektron Azərbaycan" dövlət proqramının növbəti mərhələsinin qəbul edilməsi ilə yadda qaldı. Prezident İlham Əliyev "2003-2012-ci illərdə Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli strategiya"nın həyata keçirilməsi məqsədilə "2010-2012-ci illərdə rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı"nın ("Elektron Azərbaycan") təsdiqlənməsi barədə fərman imzaladı. Bu strategiya və proqramın həyata keçirilməsi ilə dünyadakı son uğurları respublikada tətbiq edən Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) məşğul olur.
Dövlət başçısının imzaladığı sərəncam dövlət hakimiyyəti orqanları qarşısında həm İKT sənayesinin özünün, həm də ümumilikdə cəmiyyətin inkişafı naminə öhdəsindən gəlinməsi vacib olan növbəti mərhələni qoydu.

Yeni proqram dörd əsas istiqamət üzrə həyata keçirilir: telekommunikasiya, poçt infrastrukturu və xidmətlərinin inkişafı; dövlət və yerli idarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişafı; informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması; ixrac və rəqabətədavamlılıq potensialının gücləndirilməsi.

Dövlət proqramının həyata keçirilməsi informasiya cəmiyyətinin, internetin və kompüter istifadəçiləri dairəsinin genişləndirilməsi, "Elektron hökumət" şəbəkəsinin tətbiqi, elektron-rəqəmsal imzaların tətbiqi və s. üçün şərait yaradır.

Elektron-rəqəmsal imzaların verilməsi üzrə mərkəzin istismara verilməsi bu ilin ən mühüm hadisələrindən biridir. Azərbaycan MDB-nin rəqəmsal imzanın tətbiq olunduğu azsaylı ölkələrindən biridir. Hazırda imzaların verilməsi alıcının ərizə təqdim etməsindən və imzanın dəyərini ödəməsindən sonra poçt rabitəsi şöbələri tərəfindən həyata keçirilir.

Elektron rəqəmsal imzaların tətbiqi Azərbaycanda yeni elektron xidmətlərin meydana çıxmasını və elektron qarşılıqlı fəaliyyət proseslərini sürətləndirəcək, eləcə də elektron xidmətlərin və elektron ticarətin inkişafına yardım edəcək.

Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədlə bərabər tutulur.
Bu gün Azərbaycanda "Elektron hökumət" konsepsiyasının həyata keçirilməsinə böyük əhəmiyyət verilir. Onun əsas məqsədi hökumətin vətəndaşlar və biznes sektoru ilə qarşılıqlı fəaliyyətinə yardım etməkdir. Bu konsepsiya çərçivəsində təqdim olunan xidmətlər vətəndaşlara müəyyən tapşırıqların yerinə yetirilməsinə az vaxt sərf etməyə imkan verir.

Respublikada "Elektron hökumət" çərçivəsində bəzi layihələr həyata keçirilib və bu xidmətlər gələcəkdə inkişaf edəcək.

Prezident İlham Əliyevin xüsusi diqqəti layihənin həyata keçirilməsində mühüm rol oynayır. Bu, İKT sektorunun maliyyələşdirilməsinin artırılması kimi çox əhəmiyyətli tendensiyanı birbaşa müəyyən edir. Öz növbəsində bu, şübhəsiz ki, gələcəkdə daha da inkişaf etdiriləcək informasiyalaşmanın səviyyəsinə təsir edəcək.

Prezident İlham Əliyev mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb ki, həmin fərman "Elektron hökumət"in inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının fərmanı "Elektron hökumət"ə keçid üçün konkret tədbirləri və respublika ərazisində elektron xidmətlərin tətbiqini müəyyən edir.

RİTN Prezidentin fərmanına uyğun olaraq, mövcud vəziyyətin təhlilini aparır və bu istiqamətdə konkret tədbirlər görür. Çünki dövlət başçısının fərmanı məhz Rabitə Nazirliyinin qarşısına digər dövlət orqanları tərəfindən qarşılıqlı təsir prosesinin sürətləndirilməsi tapşırığını qoyur.

"Elektron hökumət" elektron xidmətlərin yalnız bir nazirlikdə və ya idarədə tətbiq edilməsi mənasına gəlmir. Onların hər birində müvafiq infrastruktur hazır olmalıdır ki, gələcəkdə onların vahid "Elektron hökumət" portalına qoşulması təmin edilsin. Bu da öz növbəsində onlar üçün qarşılıqlı istifadə və mövcud informasiyaların mübadiləsi imkanını yaradacaq.

Azərbaycan nazirliklərinin və idarələrinin hazırda elektron xidmətlərin tətbiqinə hazırlığı müxtəlif səviyyədədir. Məsələn, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Təhsil Nazirliyi və bir sıra idarələr bu sahədə irəliləyiblər. Lakin elə strukturlar var ki, orada bu işə indi başlayırlar. Bunun üçün vəsait ayrılıb ki, bu da "Elektron hökumət"ə keçid və yaxın müddətdə işə salınması gözlənilən vahid elektron xidmətlər portalının istifadəsi üçün şərait yaradacaq.

"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işbirliyində müstəsna alət rolunu oynamalıdır.

Hazırda portal pilot rejimində idarələrarası səviyyədə işə salınıb, ona Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf, Fövqəladə Hallar nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu və digər dövlət qurumları qoşulub.

"Elektron hökumət" portalı müxtəlif portallarda yaradılan mövcud məlumat bazalarının və dövlət qurumlarının birləşdirilməsinə xidmət etməlidir. Portalın işə salınması vətəndaşlardan tələb edilən sənədlərin sayını azaltmağa imkan verəcək. Bu, müxtəlif idarələrin bir-biri ilə elektron formada qarşılıqlı fəaliyyət göstərməsi hesabına mümkün olacaq.

Portalda təqdim edilən dövlət strukturlarının sayı artırılacaq, onların seçiminin meyarları isə bu idarələrin İT-infrastruktur və mövcud elektron xidmətlərinin hazırlığından asılıdır.

Azərbaycan nazirliklərinin və idarələrinin əhaliyə elektron xidmətlər göstərməsinə tam keçidi 2013-cü ilin birinci yarısının sonunda gözlənilir. Bu idarələrin göstərəcəyi elektron xidmətlərin ümumi sayı 330 ədəd təşkil edir və gələcəkdə bu rəqəm artırılacaq.

Bu gün Azərbaycanda bu və ya digər dövlət qurumuna getmədən onun fəaliyyəti barədə informasiya almaq artıq mümkündür. Ölkədə evdə kompüteri və internetə çıxışı olan vətəndaşlara kommunal, rabitə operatorları və digər xidmətlərin ödənişini etməyə imkan verən elektron ödəniş sistemi genişləndirilir.

"Elektron hökumət"in dövlət təşkilatlarının öz internet-resursları vasitəsilə təqdim etdiyi adi informasiyadan başlayaraq onların öz aralarında, biznes-sektor və əhali ilə qarşılıqlı fəaliyyət kompleksi ilə qurtarması ilə bir neçə inkişaf mərhələsi mövcuddur.

Azərbaycan bu gün "Elektron hökumət"in təşəkkülünün başlanğıc mərhələsindədir və irəlidə hələ böyük yol var. Lakin bu gün İKT-nin bu seqmentinin tətbiqində bir çox müsbət elementləri misal çəkmək olar.

"Elektron hökumət"in yaradılması xeyli maliyyə qoyuluşlarını tələb edir. Onların səmərəliliyini necə ölçmək olar və onun Azərbaycanda tətbiqi hansı iqtisadi səmərə verə bilər məsələlərinə gəlincə isə burada iki yanaşmadan danışmaq mümkündür. Yanaşmalardan biri şərti və ya real maliyyə vahidlərindəki birbaşa göstəricilərlə bağlıdır. Lakin digər daha əhəmiyyətli aspekt var ki, onu ölçmək xeyli çətindir. Bu, mövcud layihənin vətəndaşların müxtəlif xidmət ödənişləri edərkən dövlət idarələrindən məlumatlar, sənədlər əldə etməsində işini asanlaşdırmasıdır.

"Elektron hökumət"in tətbiqi, ilk növbədə, bütün dövlət sisteminin işinin səmərəliliyinin artırılması, avtomatlaşdırılması və daha səmərəli edilməsi, nisbətən asan olan gündəlik həyata keçirilən mühafizəkar işlərin həcminin azaldılması deməkdir. Bu, lazımi məlumatı almaq və digər təşkilatlarla qarşılıqlı fəaliyyət üçün fərdi şəxsə, biznesə, yaxud dövlət təşkilatlarına lazım olan vaxtın xeyli dərəcədə azaldılmasıdır.

Yaxın beş ildə kağız daşıyıcılarından elektron sənəd dövriyyəsinə tam keçid gözlənilir ki, bu da gözlənilən təklif və məlumat həcminin artması baxımından qaçılmazdır. Onları isə işləmək, ehtiyatda saxlamaq və onların təhlükəsizliyini təmin etmək lazım olacaq. Bu gün qabaqcıl informasiya texnologiyaları getdikcə yanaşmaları və inzibati mühitdə münasibətləri dəyişməklə dövlət fəaliyyətinin lazımi elementi olur. "Elektron hökumət"ə tələbat informasiya cəmiyyətinin müasir vəziyyətini əks etdirir ki, bu da inzibati-dövlət fəaliyyətini və strukturları daha açıq, şəffaf və səmərəli etməyə imkan verir.

Gələcəkdə "Elektron hökumət" daha aktual, elektron xidmətlərinə tələbat isə daha çox olacaq.

Xəbər lenti

Xəbər lenti