...

Böyük Zirə (Nargin) adasında gözlənilən həyat (FOTO) (VİDEO)

Cəmiyyət Materials 13 Yanvar 2012 10:57 (UTC +04:00)
Bakı buxtasının ən böyük 5 adasından biri olan Böyük Zirədə turizmi inkişaf etdirmək üçün layihə hazırlanıb.
Böyük Zirə (Nargin) adasında gözlənilən həyat (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 13 yanvar / Trend müxbir İ.İsabalayeva/

Bakı buxtasının ən böyük 5 adasından biri olan Böyük Zirədə turizmi inkişaf etdirmək üçün yeni layihə hazırlanıb.

Layihənin müəllifi, AzExCo şirkətinin baş direktoru, memar Rasim Babakişiyev Trend-ə deyib ki, Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,18 kvadrat kilometr sahəsi var.

Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir.

Layihədə ada bir necə zonaya bölünüb. Layihəyə görə, ilk zonada quş və təbiət parkı, loqistik liman yaradılacaq, işçilər üçün yataqxanalar tikiləcək. Bu zonada Bakı buxtasına daxil olan və çıxan gəmilərə nəzarət edən hərbi liman da olacaq.

Adanın ilk zonasını digər hissə ilə süni kanal ayırır. Süni kanaldan sonra adanın olduqca küləkli ərazisi başlayır. Adanın ən maraqlı hissələrindən biri də elə burada olacaq. Burada adanı küləkdən qoruyan Qala divarlarının içində Azərbaycanı geniş şəkildə tanıtmağa imkan verən "İçərişəhər" tipli qədim şəhər yaradılacaq. Bu şəhərcikdəki binaların yalnız qədim memarlıq üslubunda tikilməsi nəzərdə tutulur. Qədim şəhərciyin içində "Karvansaray" hoteli olacaq.

"Qədim şəhər"dəki bütün binaların birinci mərtəbəsi çayxana, restoran, suvenir satışı ilə məşğul olan obyektlər, dükanlar, eyni zamanda, qədim irsimizin qorunub saxlanılmasına kömək edən "canlı muzey"lər" olacaq. Yəni həmin yerlərdə kimisi suvenir, zərgərlik məmulatı hazırlayıb, kimisi isə xalça toxuyub, paxlava və digər mətbəx nümunələri bişirib sata biləcək.

Azərbaycan dünyada tolerant ölkə kimi tanındığı üçün qədim şəhərin ortasında "Tolerant" meydanı yaradılacaq. Bu meydanda üç əsas dini ibadət yeri - məscid, kilsə və sinaqoq tikiləcək.

Layihədə bu adada baş verən fəlakətlər də unudulmayıb. Nəzərə alaq ki, I Dünya müharibəsi dövründə bu adada 10 minə yaxın türk əsgər və mülki şəxsləri əsirlik həyatı yaşayıb, repressiya illərində insanlar bu adaya sürgün edilərək öldürülüb. Adanın bu tarixini də unutmayan layihə rəhbəri bildirib ki, "Qədim şəhər"də dini icma rəhbərlərinin iştirakı ilə burada vaxtilə dəfn olunmuş insanların sümüklərinin toplanıb onları "Qardaş məzarlığı" adlanan ərazidə basdırılması, daha sonra onlar üçün heykəl qoymaq və muzey yaratmaq planlaşdırılır. Memar bu fikirdədir ki, alimlərin bu işə cəlb edilməsi ilə adada dünyasını dəyişənlərlə bağlı tədqiqat aparıla və bununla bağlı "Ada" muzeyində xüsusi bölmə yaradıla bilər.

Adada gənc insanlar üçün xüsusi ərazi seçilib. "Cavanlar bölgəsi" adlanan bu ərazi "Qədim şəhər"in alt tərəfində olacaq. Layihə hazırlanarkən diskoteka, amfiteatrın yerləşəcəyi "Cavanlar bölgəsi"nin səs-küylü olacağı da nəzərə alınıb. Layihə müəllifi deyir ki, şimal küləyi əsərkən ərazidəki səs-küy dənizə gedəcək. Gilavar küləyi əsərkən "Qədim şəhər"in alt tərəfində qurulacaq istinad divarı səs-küyün yaxınlıqdakı əraziyə ötürülməsinin qarşısını alacaq.

Adaya əsas giriş "Qədim şəhər"ə yaxın olan orta hissədəndir. Adadakı əsas mərkəzlər- Yaxta klub, ticarət mərkəzi, poliklinika, məktəb və s. də bu hissədə yerləşir. Adanın bu zonaya yaxın hissəsində 800 metr uzunluğunda qumlu çimərlik olacaq. Adaya yalnız istirahət məqsədilə gəlmək istəyənlər çimərliyin yanında yerləşən "Marina Hotel"də yerləşə bilərlər.

Adada böyük sammitlərin keçirilməsi üçün gözəl şərait də yaradılıb. Balakişiyevin sözlərinə görə, adətən, Bakıda böyük tədbirlər keçiriləndə yollarda tıxaclar yaranır. Amma adada belə tədbirlər keçirilsə, heç bir problem yaranmayacaq.

Layihədə qurulmuş hotel və zallar da bu tədbirlərin adada keçirilməsinə imkan verir. Adada ümumilikdə 2000-2500 yataq yeri olan 4 hotelin tikilməsi nəzərdə tutulur. Həmin hotellərin ikisi adanın orta hissəsinə yaxın ərazidə olacaq. Bu hotellərin arasında böyük -3000-3500 nəfərlik universal zal inşa ediləcək. Həmin zalda dövlət əhəmiyyətli tədbirlər, sərgi, konsert, toplantı, idman yarışları keçirmək olar. Hoteldə yerləşənlər nəqliyyatdan istifadə etmədən bu zala gələ bilərlər. Bu hotelin ətrafında isə 30-a yaxın villalar var. Sammit keçirilərkən həmin villalarda dövlət başçıları öz komandaları ilə rahat yerləşə bilərlər.

Adanın dəniz kənarında isə "Balıqçı" şəhərciyi yaradılıb. Şəhərcikdəki binaların birinci mərtəbələrində balıq restoranları, balıq məhsullarının satışı mərkəzi, ümumilikdə balıqçılıq təsərrüfatı ilə bağlı avadanlıqlar olacaq. Binaların II mərtəbəsini isə buraya gələnlər müvəqqəti yaşamaq üçün kirayələyə bilərlər. Burada insanların yaxtalarını yerləşdirməsi üçün də imkanlar yaradılıb.

Adanın digər başı isə VİP zona hesab edilir. Burada satış üçün VİP villalar yerləşdirilib. VİP zonanın özünün isə təxminən 300 metr uzunluğunda ayrı çimərliyi olacaq.

Memarın sözlərinə görə, bu layihənin reallaşdırılması üçün 2-3 milyard manat tələb olunur. Artıq layihə ilə bir sıra ölkələrin iş adamları maraqlanıb. Amma layihənin icrası üçün onun hökumət tərəfindən təsdiqlənməsi lazımdır.

Əvvəllər Böyük Zirə adlanan adaya 1719-cu ildə rus çarı I Pyotr dövründə Nargin adı verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlanılıb.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti