Azərbaycan, Bakı, 14 yanvar /Trend/
Çevik Polis Alayında şənbə günü ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Hesabat dövründə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, Alayın şəxsi heyəti tərəfindən 2011-ci ildə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, ictimai asayişin təmini, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı vəzifələrin icrası məqsədyönlü şəkildə davam etdirilib.
Qeyd olunub ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 777 nəfərin, o cümlədən soyğunçuluga görə 87, oğurluğa görə 248, xuliqanlığa görə 156, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 161, dələduzluğa görə 19, digər cinayətlərə görə 33, habelə axtarışda olan 125 şəxsin tutulmasında iştirak edib. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 17 237 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunub. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,3 faiz çox olub.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyaları yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını bildirib.