...

Eros asteroidinin Yerə yaxınlaşmasının Azərbaycan əhalisinə təsiri olacaqmı?

Cəmiyyət Materials 1 Fevral 2012 16:55 (UTC +04:00)
Fevralın 10-dək 433 nömrəli Eros asteroidi Yerə ən yaxın məsafədə olacaq.
Eros asteroidinin Yerə yaxınlaşmasının Azərbaycan əhalisinə təsiri olacaqmı?

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevralın 10-dək 433 nömrəli Eros asteroidi Yerə ən yaxın məsafədə olacaq. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, Eros asteroidi yanvarın 31-də Yerə ən yaxın məsafədə olub. Yaxınlaşma zamanı Yerlə astroid arasında təxminən 27 milyon km məsafə olub.

Rəsədxana direktorunun sözlərinə görə, asteroid Yerə artıq bundan daha məsafədə yaxınlaşmayacaq. Bundan sonra asteroid Yerdən ancaq uzaqlaşacaq.

Quliyev bu asteroidin Yerlə toqquşmasının qeyri-mümkün olduğunu da söyləyib. O bildirib ki, Eros asteroidi çox yaxınlaşa bilmir. Çünki onun Yerə ən yaxın məsafəsi 20 milyon kilometrdən az ola bilməz. Kartof formasında olan asteroidin diametri 34 kilometrdir. Astroidin Yerə yaxınlaşmasının insanlara heç bir mənfi təsiri də yoxdur.

Yaxınlaşmanın baş vermə səbəbinə gəldikdə, Quliyev bunu Eros asteroidinin öz orbiti ətrafında dövr etməsi ilə izah edib.

"Eros asteroidinin öz orbiti var. O, öz orbiti ətrafında 2 ilə yaxın müddətdə dövr edir. Yer özü də öz orbiti üzrə fırlanır. Elə vaxtlar olur ki, onlar bir-birilərinə yaxın olurlar. Ona görə də yanvarın 31-də həmin asteroid Yerə yaxın olub", - rəsədxana direktoru əlavə edib.

Eros asteroidinin artıq astronomlar tərəfindən öyrənildiyini deyən Quliyev, onun səthinə kosmik raketin endirildiyini də söyləyib.

Xəbər lenti

Xəbər lenti