...

Gülər Əhmədova: Azərbaycanda surroqat ana məsələsi qanunla tənzimlənərsə, uşaqların alver predmeti olmasından qaçmaq mümkün olacaq

Cəmiyyət Materials 1 Fevral 2012 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda surroqat ana məsələsi qanunla tənzimlənərsə, surroqat anadan doğulan uşaqların alver predmeti olmasından qaçmaq mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə millət vəkili Gülər Əhmədova Milli məclisin çərşənbə günü keçirilən iclasında bildirib.

Millət vəkili hesab edir ki, bu gün Azərbaycan ictimaiyyəti bu məsələdə ciddi şəkildə çaşdırılır.

"Bir çox insanlar bu qanunun qəbuluna mane olmağa çalışır və bu qanunun cəmiyyətin əleyhinə olduğunu vurğulayırlar. Lakin kimlərinsə arzusundan asılı olmayaraq, bu gün Azərbaycanda surroqat analar var, insanlar surroqat anaların imkanlarından istifadə edirlər", - o deyib.

Əhmədova vurğulayıb ki, bu gün müvafiq qanunu qəbul etməməklə surroqat ananın kriminal tərəfinin yaranmasına şərait yaradılır. "Bu məsələ qanunla tənzimlənərsə, surroqat anadan doğulan uşaqların alver predmeti olmasından qaçmaq mümkün olacaq. Əks halda, bunun fəsadları olacaq və Azərbaycanda bu məsələ ilə bağlı cinayət məsələləri qalxacaq", - o deyib.

Azərbaycanda hazırlanan "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsinə əvvəlcə "surroqat ana" məsələsi salınsa da, bu məsələ artıq qanun layihəsindən çıxarılıb.

Surroqat analıq - qadın ona bioloji yad olan körpəyə hamilə qalmaq, onu bətnində böyütmək və doğmaq üçün könüllü razılıq verdikdə tətbiq olunan yardımçı reproduktiv texnologiyadır. Doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır.

Xəbər lenti

Xəbər lenti