...

Azərbaycanda "Elektron Məktəb" layihəsinə qoşulan məktəblərin sayı 39-a çatıb

Cəmiyyət Materials 13 Fevral 2012 15:00 (UTC +04:00)
"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Məktəb" pilot layihəsinə indiyədək 39 təhsil müəssisəsi cəlb olunub.
Azərbaycanda "Elektron Məktəb" layihəsinə qoşulan məktəblərin sayı 39-a çatıb

Azərbaycan, Bakı, 13 fevral /Trend müxbir İ.İsabalayeva/

"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Məktəb" pilot layihəsinə indiyədək 39 təhsil müəssisəsi cəlb olunub.

Trend-in bazar ertəsi Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin məlumatına istinadən verdiyi xəbərə görə, onlardan 32-si ümumtəhsil məktəbidir. Hazırda layihədə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Şamaxı, İsmayıllı, Şirvan, Quba və Ağdaşın məktəbləri iştirak edir.

İdarənin rəisi Samir Məmmədovun sözlərinə görə, bu pilot layihə çərçivəsində əldə edilən təcrübə əsasında Azərbaycanın bütün məktəblərində "Elektron Məktəb" konsepsiyasını tətbiq etmək mümkündür. Bu isə Azərbaycanda aparıcı ölkələr səviyyəsinə uyğun Milli Təhsil Modelinin tam bərqərar olması deməkdir.

"Elektron məktəb" layihəsinin əsas məqsədi seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun olaraq tətbiq edərək tədrisin effektiv səviyyədə təşkilini və təhsilin idarəolunmasını təmin etməkdir.

"Elektron məktəb" layihəsi çərçivəsində iştirak edən məktəblər Azərbaycan təhsil şəbəkəsinə optik kabellər vasitəsilə qoşulub, onlarda zəruri şəbəkə avadanlığı və proqram təminatı istifadə edilib. Layihədə iştirak edən məktəblərdə "elektron məktəb idarəetmə proqramı", "elektron dərslər idarəetmə proqramı" və valideyn nəzarət səhifəsi kimi tətbiq olunan komponentlər geniş istifadə olunur. Tətbiq edilən həllər nəticəsində həmin məktəblərdə elektron jurnalların, elektron cədvəllərin, elektron gündəliklərin və SMS vasitəsilə şagirdlərin davamiyyəti və dərslərdə iştirakı barədə valideynlərin məlumatlandırması, elektron tərdis resurslarının istifadəsi mümkün olub.

"Elektron məktəb" layihəsi çərçivəsində tədris müəssisələrində tətbiq olunan texnologiyalar Azərbaycanda informasiya kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir.

Məmmədovun sözlərinə görə, informasiya texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı nəticələr əldə etməyə imkan verir. Əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir. Ölkə miqyasında buna nail olmaq üçün bir sıra mühüm addımların atılması zəruridir. Məsələn, elektron jurnalın tətbiqi üçün hər bir sinifdə internetə qoşulmuş noutbukun və ya kompüterin olması vacibdir.

Xəbər lenti

Xəbər lenti