...

Ağsunun arxeoloji tapıntılarının Türkiyədə təqdimatı keçirilir

Cəmiyyət Materials 17 Fevral 2012 15:48 (UTC +04:00)
Türkiyənin Muğla şəhərində fevral ayı boyunca Azərbaycanın Ağsu rayonunda aşkar olunan arxeoloji tapıntıların təqdimatı keçirilib.
Ağsunun arxeoloji tapıntılarının Türkiyədə təqdimatı keçirilir

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Türkiyənin Muğla şəhərində fevral ayı boyunca Azərbaycanın Ağsu rayonunda aşkar olunan arxeoloji tapıntıların təqdimatı keçirilib. Bu barədə cümə günü Trend-ə orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlara dəstək verən "Miras" İctimai Birliyindən bildiriblər.

Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən Ağsu rayonundakı qazıntılar nəticəsində XII və XVIII əsrlərə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələrinin aşkara çıxarıldığı qeyd olunub.

Sərgidə iki il ərzində orta əsr Ağsu şəhərində bütün tapıntıları, qazıntı prosesi və keçirilən tədbirlərin professional şəkildə sənədləşdirildiyi 90 ədəd fotopanel, konservasiya müddətində müşahidə edilənlərdən ibarət 12 ədəd rəsm əsəri, 3 ədəd tökmə üsulu ilə hazırlanan plastika nümunələri nümayiş olunur.

Sərginin açılışından sonra Muğla Universiteti Atatürk Kültür Mərkəzində Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Azərbaycanın mədəni irsi və Ağsu möcüzəsi" mövzusunda məruzəsi dinlənilib. O, Azərbaycanın maddi və mənəvi irsi, orta əsr Ağsu şəhəri tədqiqatları barədə danışıb.

Tədbir Azərbaycan Prezidenti yanında QHT-lərə Dəstək Dövlət Şurasının dəstəyi ilə çəkilmiş "Miras" İctimai Birliyinin "Azərbaycan abidələr diyarıdır" sənədli filminin nümayişi ilə davam edib. Sərgi fevral ayı boyunca açıq olacaq.

Xəbər lenti

Xəbər lenti