...

"Azərbaycanın xaricidilli KİV-lərinin durumu və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Mart 2012 19:34 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində cümə günü "Azərbaycanın xaricidilli KİV-lərinin durumu və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.
"Azərbaycanın xaricidilli KİV-lərinin durumu və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycan Dillər Universitetində cümə günü "Azərbaycanın xaricidilli KİV-lərinin durumu və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Azərbaycan Mətbuat Şurası və ADU-nun birgə təşkil etdikləri tədbirdə MŞ İdarə Heyətinin üzvləri, ölkəmizdə fəaliyyət göstərən xarici dilli kütləvi informasiya vasitələrinin rəhbərləri, ekspertlər iştirak ediblər.

Şuradan cümə günü Trend-ə verilən məlumata görə, "dəyirmi masa"nı universitetin ictimaiyyətlə əlaqəlar və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova açaraq müzakirə olunan mövzu barədə məlumat verib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, mövcud müzakirələr KİV-lərimizin tipologiyasının spesifik, həm də olduqca əhəmiyyətli bir sahəsinin vəziyyəti, həllini gözləyən vəzifələrin konkretləşdirilməsi baxımından əhəmiyyətlidir. Şura sədri mətbuat tariximizə nəzər salaraq vurğulayıb ki, anadilli mətbuatımızın təməli "Əkinçi" qəzeti ilə qoyulsa da, Azərbaycan ziyalılarının fikir və düşüncəsini bölüşmək məqsədilə üz tutduqları ilk qəzet 1821-ci ildə çıxan "Tiflisskie vedomosti" olub. O, rusdilli "Kaspi"nin müstəqillik məfkurəsinin aşılanmasında misilsiz rol oynadığını söyləyərək nəşrin ənənəsinin müasir dövrdə yeni çalarlarla zənginləşdirildiyini vurğulayıb.

Şura sədri müstəqillik illərində ölkəmizdə xaricidilli medianın inkişafda olduğunu konkret faktlarla göstərib. "Hazırda Azərbaycanda 54 qəzet və jurnal, 7 informasiya agentliyi xaricidilli mediaya mənsubdur ki, bu da fəaliyyətdə olan KİV-lərimizin 10 faizdən çoxunu təşkil edir. Qəzet və jurnallar, informasiya agentlikləri rus, ingilis, fransız, ərəb və fars dillərində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm missiyanı həyata keçirirlər. Onların fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var", - o deyib.

MŞ İdarə Heyətinin üzvü, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı rusdilli mətbuatımızla bağlı spesifik məsələlərin şərhini verib. O, Azərbaycanın postsovet məkanına daxil olan ölkə kimi tarixinin 200 ilə yaxın dövrünün Rusiya ilə bağlılığına toxunaraq vaxtilə dövlət, hakimiyyət dili kimi bu dili bilməyin zəruriliyini xatırladıb. "Bu gün isə Azərbaycanda rus dilində çıxan qəzetlər heç də rus qəzetləri deyil, onlar Azərbaycan qəzetləridir. Nə qədər ki, iqtisadi cəhətdən tələbatı doğruldacaqsa və cəmiyyətdən çağırış olacaqsa, bu qəzetlər çıxacaq", - Şıxlı bildirib.

"Assa iradə" İnformasiya Agentliyinin baş direktoru, "Azərnyus" qəzetinin baş redaktoru Fazil Abbas qeyd edib ki, Azərbaycan həqiqətlərini ingilisə də həzm etdirməyi bacarmalıyıq. Ölkəmiz müstəqillik qazandıqdan sonra onun sərvətləri kimi milli mediası da xalqımızın əlinə keçib. Biz 1997-ci ildə Azərbaycanın ilk ingilisdilli qəzeti olan "Azərnyus"u bu məqsədlə təsis etdik.

Zeynəb Kazımovanın məruzəsində isə ölkənin fransızdilli mətbuatının durumu təhlilini tapıb. O, baş redaktoru olduğu "Le Carrefour" qəzetinin əsas məqsədinin Azərbaycan və Fransa, eyni zamanda, fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələrin inkişafına töhfə vermək, fransızları və ümumilikdə əcnəbiləri ölkəmizdə baş verən hadisələrlə məlumatlandırmaq, vətənimizlə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, dəyərlərimizi təbliğ etmək olduğunu nəzərə çatdırıb.

Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Milli Məclisinin deputatı Səməd Seyidov belə mötəbər tədbirin üçüncü dəfə rəhbərlik etdiyi təhsil ocağında keçirildiyini xatırladıb. O, universitetin media ilə əlaqələrinin sıxlaşdığına, bu məqsədlə yaradılan mətbuat xidmətinin təcrübədə özünü doğrultduğuna diqqət çəkib.

"2012-2013-cü tədris ilindən ADU-da jurnalistika bölməsi də fəaliyyətə başlayacaq. Bu isə "dəyirmi masa"mızı gələcək proseslərə hazırlığın tərkib hissəsi kimi dəyərləndirməyə əsaslar verir. Jurnalistika mənim üçün elmdir. Dünyaya inteqrasiyada elmə uyğun tendensiyalar burada da olmalıdır", - Səmdov deyib.

Seyidov Azərbaycan həqiqətlərinin dünyaya aşılanmasında medianın böyük imkanlarının təhlilini verərkən başlıca məsələnin dildə deyil, eyni zamanda, üslubda olduğuna da diqqət çəkib.

ADU-nun Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov xarici dilləri bilən media mənsublarının hazırlığı prosesinin əhəmiyyətindən söhbət açıb.

MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid ADU-da növbəti ildə jurnalistika bölməsinin açılmasını önəmli hadisə kimi dəyərləndirib. Bunun Azərbaycanda və onun hüdudlarından kənarda ümumi işə fayda gətirəcəyinə əminliyini deyib.

"Pillələr" qəzetinin baş redaktoru Şöhlət Abbas ali məktəbdə 2012-ci ilin "Elektron universitet ili" elan edilməsini media ilə işə verilən önəmli nümunə hesab edib.

Trend İnformasiya Agentliyinin təmsilçisi Elçin Hüseynov çalışdığı media qurumunun rus, ingilis, fars və ərəb dillərində də informasiyalar yayımladığına diqqəti çəkərək xarici dillərlə bağlı redaksiyaların peşəkarlara ciddi ehtiyacından danışıb. O əlavə edib ki, ADU-da yaradılacaq yeni jurnalistika bölməsi Trend-in də bu sahədəki ehtiyacının ödənilməsində səmərəli rol oynaya bilər.

"Dəyirmi masa"da AzTV-nin "Night news" proqramının baş redaktoru Şaiq Məmmədov və BBC ilə 20 ildən çox əməkdaşlıq edən Azər Xəlilov da müzakirə olunan məsələlərlə bağlı fikir və rəylərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti