...

Azərbaycanın ali məktəblərində professor-müəllimlər yeni qaydalarla işə götürüləcək

Cəmiyyət Materials 4 Aprel 2012 15:41 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə professor-müəllim vəzifələrinin tutulması üçün qaydalar hazırlayır.
Azərbaycanın ali məktəblərində professor-müəllimlər yeni qaydalarla işə götürüləcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə professor-müəllim vəzifələrinin tutulması üçün qaydalar hazırlayır. Bu barədə çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda layihə formasında olan bu qaydalarda professor-müəllimlərin işə qəbulu ilə bağlı bır sıra yeniliklər nəzərdə tutulur.

Hazırda ali məktəblərdə professor-müəllimlər fakültələrin və ali məktəbin elmi şuraları tərəfindən 5 il müddətinə seçilir. Yeni qaydalarda isə göstərilir ki, professor-müəllim vəzifələrinin tutulması ilə bağlı son qərarı məktəbdə işə qəbulla bağlı yaradılmış müvafiq komissiya verəcək.

Müsabiqədən keçmiş professor-müəllimlərlə ali məktəb rəhbərliyi 4 illik müqavilə bağlayacaq. Dörd il başa çatdıqdan sonra isə həmin vəzifənin tutulması üçün yenidən elan veriləcək. Bu vəzifəni əvvəl tutmuş müəllim həmin müsabiqədə yenidən iştirak edə və uğur qazanacağı təqdirdə həmin vəzifəni tuta bilər. Bir müəllimin müsabiqədə iştirakı ilə bağlı məhdudiyyət qoyulmayıb.

Bununla yanaşı, müsabiqədən keçən professor-müəllimlə ali məktəb rəhbərliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq, müəllimlər hər ilin sonunda öz fəaliyyətləri barədə hesabat verməlidirlər. Əvvəllər 5 il müddətinə seçilmiş professor-müəllimlərin hesabatı məktəb rəhbərliyi tərəfindən yaxşı işləməyən müəllimə qarşı hər hansı tədbirin görülməsinə imkan vermirdi. Amma indi hesabatın nəticəsindən asılı olaraq, rektorun müəllimlə müqavilənin davam etdirilib-etdirilməyəcəyi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olacaq. Müəllimin gördüyü işlərin nəticəsindən asılı olaraq, rektor onunla müqaviləni davam etdirə də, etdirməyə də bilər.

"Müqavilədə müəllimin də müəyyən şərtləri var. Yəni müəllim məktəb rəhbərliyi qarşısında tədris prosesini həyata keçirmək üçün onu lazımi avadanlıqlarla, dərs vəsaitləri ilə, elektron kitabxanaya çıxışla təmin etməyi, ona yaxşı auditoriya verməyi şərt kimi qoya bilər. Ali məktəb rəhbərinin isə şərti odur ki, müəllim keyfiyyətli dərs keçsin, tələbələrə proqramlarla müəyyənləşdirilmiş kompetensiyaları verməsi üçün məsuliyyət daşısın. Əks təqdirdə rektor müəllimlə bu müqaviləni poza bilər", - Mustafayev əlavə edib.

O hesab edir ki, bu qaydaların hazırlanması ali təhsil sistemi üçün ən mütərəqqi yeniliklərdən biridir. Yeni qaydalar müəllimlərin məsuliyyətini də artıracaq.

Mustafayev artıq "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları"nın hazırlanaraq tətbiq edildiyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın ali məktəblərində 13 161 professor-müəllim var. Onların 10051-i Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində işləyir.

Xəbər lenti

Xəbər lenti