...

Azərbaycanda sürücülərdə sonradan xəstəlik aşkarlandıqda sürücülük hüququ necə məhdudlaşdırılmalıdır?

Cəmiyyət Materials 11 Aprel 2012 10:22 (UTC +04:00)
Azərbaycan Yol Polisi vətəndaşlarda nəqliyyat vasitəsini idarə etməyi qadağan edən xəstəliklər aşkar olunduğu halda həkimlərin bu barədə yol polisinə məlumat verməsinin mütləq olduğunu bildirir.
Azərbaycanda sürücülərdə sonradan xəstəlik aşkarlandıqda sürücülük hüququ necə məhdudlaşdırılmalıdır?

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Yol Polisi vətəndaşlarda nəqliyyat vasitəsini idarə etməyi qadağan edən xəstəliklər aşkar olunduğu halda həkimlərin bu barədə yol polisinə məlumat verməsinin mütləq olduğunu bildirir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs tibbi müayinədən keçməli və sağlam olması barədə təsdiq olunmuş formada tibbi arayış təqdim etməlidir.

Onun sözlərinə görə, şəxsdə nəqliyyat vasitəsini idarə etməyi qadağan edən hər hansı xəstəlik aşkar edilərsə, ona səhiyyə təşkilatı tərəfindən sağlamlıq haqqında arayış verilmir və belə şəxslərə nəqliyyat vasitəsini idarə etmək hüququ verilə bilməz.

"Sürücülük vəsiqəsi sağlamlıq durumundan və yaş həddindən asılı olaraq 10 il müddətinə, 60 və daha çox yaşı olan şəxslər üçün onların 70 yaşı tamam olanadək qalan müddətə, 70 və daha çox yaşı olan şəxslər üçün 2 il müddətinə, siyahısı səhiyyə orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün isə təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddətə verilir", - Əliyev deyib.

Şöbə rəisi bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 33-cü maddəsinin tələblərinə müvafiq olaraq, hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Səhiyyə Nazirliyinin müvafiq təşkilatları müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları Baş Dövlət Yol Polisi İdarəsinə göndərir.

Əliyevin sözlərinə görə, əgər sürücülük vəsiqəsinə malik olan şəxsdə fiziki qüsurların siyahısında nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə, həmin şəxsin sürücülük hüququ xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək müddətə məhdudlaşdırılır.

"Lakin yol polisinə şəxsdə siyahıda nəzərdə tutlmuş xəstəliyin olması barədə səhiyyə təşkilatlarından məlumat daxil olmasa, nəqliyyat vasitəsini idarə etməyi qadağan edən xəstəliklər yalnız etibarlıq müddətinin bitməsi ilə əlaqədar sürücülük vəsiqəsi dəyişdirilərkən təkrar tibbi müayinədən keçən zaman müəyyən edilə bilər. Sürücülük vəsiqəsinin qüvvədə olduğu 10 il müddətində isə şəxsdə həmin xəstəliklərin olub-olmamasını müəyyən etmək mümkün deyil. Çünki DYP əməkdaşı əsaszız olaraq hər hansı şəxsi məcburi tibbi müayinəyə göndərə bilməz", - şöbə rəisi deyib.

Onun sözlərinə görə, bəzən ağır yol nəqliyyat hadisələrinin baş vermə səbəbi sürücünün məhz qəzadan əvvəl sükan arxasında hansısa xəstəlikdən dünyasını dəyişməsi olur.

İdarə sözçüsü hesab edir ki, bu halların baş verməməsi üçün vətəndaşlar tibbi müayinədən keçərkən və ya hər hansı xəstəliklə bağlı həkimə müraciət edərkən onlarda ağır xəstəliklər aşkar edildikdə həkimlər, xüsusilə də özəl klinikalarda çalışan tibb işçiləri mövcud qanunvericiliyə uyğun olaraq bu barədə mütləq qaydada müvafiq orqanlara məlumat verməlidirlər.

"Çünki bu xəstəliklərə tutulmuş şəxslərin avtomobil idarə etmələri təkcə onların özləri üçün deyil, digər hərəkət iştirakçıları üçün də təhlükəlidir", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti