...

Azərbaycanda hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir

Cəmiyyət Materials 17 Aprel 2012 11:24 (UTC +04:00)
Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir. Trend-in məlumatına görə, bu barədə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Həyat üçün faydalı faktlar toplusu"nun təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova bildirib.
Azərbaycanda hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir

Azərbaycan, Bakı, 17 aprel /Trend müxbir E. Mehdiyev/

Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir. Trend-in məlumatına görə, bu barədə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Həyat üçün faydalı faktlar toplusu"nun təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova bildirib.

Bu göstəricidən narahatlığını ifadə edən Əsədova deyib ki, uşaq ölümlərinin qarşısının alınması tək həkimlərdən asılı deyil.

Onun sözlərinə görə, bütün əhalinin, valideynlərin maariflənməsi olduqca zəruridir. Əsədova Azərbaycan dilində bu sahədə kitabların və digər vəsaitlərin olmadığından təəssüfləndiyini bildirib.

ÜST-nin nümayəndəsi qeyd edib ki, Azərbaycanda 3 milyon uşaqdan təxminən 10 faizi hələ də həll edilməmiş regional münaqişə üzündən torpaqlarından didərgin düşüb. Qeyri-adekvat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 8 uşaqdan təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalandırılır. Bu isə uşaq xəstəliklərinin və problemlərinin yaranmasına səbəb olur.

Bu gün YUNISEF-in Azərbaycan nümayəndəliyi uşaq və ana ölümünün, xəstəliklərinin, zədələrinin və zorakılıqlarının qarşısının alınması qaydalarına dair həyati əhəmiyyət kəsb edən məlumatları ailə və icmalar üçün təmin edən "Həyat üçün faydalı faktlar toplusu"nun rəsmi təqdimatını keçirib.

Hazırda dördüncü nəşri buraxılan "Həyat üçün faydalı faktlar toplusu" 1989-cu ildə ilk dəfə nəşr olunduğu dövrdən başlayaraq milyonlarla fərd və icmalar üçün yardımçı olub. Öncəki nəşrlərin təqribən 15 milyon nüsxəsi dünyanın müxtəlif ölkələrində 215 dildə dövriyyəyə buraxılmışdır.

"Həyat üçün faydalı faktlar toplusu" Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNISEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (BMTƏF), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə müştərək proqramı (UNAIDS) və Dünya Bankı (DB) kimi təşkilatların müştərək qaydada hazırladığı nəşrdir və burada hamiləlik, uşağın dünyaya gətirilməsi, uşaqlıq dövrünə xas xəstəliklər, uşağın inkişafı, erkən dövrdə biliklərə yiyələnmə, valideyn bacarıqları, uşağın müdafiəsi, qayğısı və dəstəyinə dair praktiki məsləhətlər təqdim edilir.

"Həyat üçün faydalı faktlar toplusu"nun elektron variantının Azərbaycan və rus dillərində olan nüsxələrini YUNISEF-in Azərbaycan nümayəndəliyinin (www.unicef.az) internet səhifəsindən əldə etmək olar. Bu yeni nəşr uşaqların zorakı və zərərli davranış və praktikalardan uzaq durmasını təmin etmək üçün faydalı məlumatları təmin edən uşaq müdafiəsi haqqında yeni fəsli özündə ehtiva edir.

Tədbirdə çıxış edən YUNISEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, "Həyat üçün faydalı faktlar toplusu"nun istifadəçiləri üçün əhəmiyyətli icmarıc ondan ibarətdir ki, yalnız əhatəli biliklər davranışı dəyişmək üçün kifayət deyil.

"Biz özümüz və ya uşağımız üçün nəyin yaxşı və ya pis olduğunu bilə bilərik, lakin yeni davranışı praktikada nümayiş etdirmək üçün hazır və ya səlahiyyətlənmiş olduğumuzu hiss etməyə bilərik. Beləliklə, istifadəçilərə yardım etmək istədikləri insanları hədəfləmək üçün müvafiq və müxtəlif kanallardan istifadə etməklə və dəyişmək niyyətlərinin realizə edilməsində yardım etmək üçün bu toplu insanların necə və nə üçün dəyişməsini, eləcə də ünsiyyətin qurulmasının müxtəlif kanallarını təhlil edir", - o deyib.

Xəbər lenti

Xəbər lenti