...

"İki sahil" qəzeti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Cəmiyyət Materials 7 May 2012 17:44 (UTC +04:00)
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar işıq üzü görən 76 səhifəlik xüsusi buraxılış dahi şəxsiyyətin Azərbaycana hakimiyyətinin hər iki dövründə dövlət, xalq qarşısındakı xidmətlərini, ayrı-ayrı sahələrdə qazanılan uğurları və Prezident İlham Əliyevin rəhbərliyi altında gələcək perspektivləri əks etdirən maraqlı yazıları, rəngli, illüstrativ şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.
"İki sahil" qəzeti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycan, Bakı, 7 may /Trend/

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar işıq üzü görən 76 səhifəlik xüsusi buraxılış dahi şəxsiyyətin Azərbaycana hakimiyyətinin hər iki dövründə dövlət, xalq qarşısındakı xidmətlərini, ayrı-ayrı sahələrdə qazanılan uğurları və Prezident İlham Əliyevin rəhbərliyi altında gələcək perspektivləri əks etdirən maraqlı yazıları, rəngli, illüstrativ şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.

Trend-in məlumatına görə, xüsusi buraxılışın üz qabığında qeyd olunan "...Siz özünüzə tayı-bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaradıbsınız. Bu abidənin adı Azərbaycandır, tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan" fikirləri ulu öndər Heydər Əliyevin xidmətlərinin ümumiləşdirilmiş ifadəsidir.

Xüsusi buraxılışın ikinci səhifəsində ulu öndər Heydər Əliyevin
müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində "İki sahil" qəzetinin rolunu yüksək dəyərləndirərək söylədiyi fikirlər öz əksini tapıb: "O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet çox cəsarətli məqalələr verirdi. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm".

"İki sahil" qəzetinin rəhbərliyi və əməkdaşları 1990-cı illərin əvvəllərində xalqdan və milli mənafedən uzaq düşmüş hakimiyyətin səriştəsizliyi, ölkədə hökm sürən anarxiya və özbaşınalıq barədə qəzetimizdə dərc olunan yazıların xalqımızın ümummilli lideri tərəfindən 1994-cü ildə belə yüksək qiymətləndirilməsindən daim qürur hissi keçirir. Bu xüsusi buraxılış dahi şəxsiyyətin 89-cu ildönümünə kiçik töhfə hesab edilə bilər.

"Vətən, xalq üçün yaşanan ömür" məqaləsində qeyd edildiyi kimi, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edir. Ümummilli lider Heydər Əliyev müdriklərə, uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev nə qədər çətin olsa da ona bəslənən ümidləri, inamı, etimadı doğrultmaq üçün Azərbaycanın ən ağır günlərində belə məsuliyyəti boynuna götürdü. Xalqın, Vətənin taleyini hər bir vətəndaşın taleyinə çevirən ulu öndər Azərbaycanda bütün prosesləri ölkə əhalisinin istədiyi istiqamətə yönəltməklə insanların sağlam mövqe tutmalarına nail oldu.

Azərbaycanın uğurlarında ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. "YAP: Böyük və şərəfli yol keçən partiya" məqaləsində partiyanın hansı zərurətdən yarandığı və keçdiyi şərəfli yol geniş təhlil olunur. 1992-ci il noyabrın 21-də Azərbaycanın bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən YAP-ın sıralarında bu gün 560 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.

"Müstəqil Azərbaycanın memarı" məqaləsində bu fikir xüsusi vurğulanır ki, ümummilli lider Heydər Əliyev üzərinə götürdüyü xilaskarlıq missiyasını siyasi iradəsi və qətiyyəti ilə yerinə yetirdi. Onun aforizmə çevrilən "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" fikri müstəqilliyimizin ilk illərində yaşanan durumla sonrakı dövrün təhlilində aydın ifadəsini tapır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə, dünya iqtisadi sistemində yeri və rolunu artırdı. Dahi şəxsiyyət bildirirdi ki, "Əsrin müqaviləsi"ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin daimiliyinin əsas qarantlarından biridir. "Müstəqil Azərbaycan iqtisadiyyatının təməl daşı" məqaləsində sazişin əhəmiyyəti, ölkəmizə qazandırdığı uğurlar geniş təhlil olunur.

Yazının sonunda qeyd edildiyi kimi, bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan artıq öz müstəqilliyini möhkəmləndirib, iqtisadi imkanları artıb, həyata keçirdiyi enerji siyasəti nəticəsində Avropanın enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaşa çevrilib. Heç şübhəsiz ki, Azərbaycan hələ bundan sonra məhz Heydər Əliyev ideyaları sayəsində daha uğurlu sabahlara doğru inamla addımlayacaq.

Ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkiləri zamanı xalqa müraciətində də bu inam öz əksini tapıb: "...İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Dövlət başçısı İlham Əliyevin "2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir" fikri əsasında yazılan məqalədə son 8 ildə əldə olunan uğurlar geniş qeyd olunaraq, Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyi bir daha təsdiqlənir. Uğurların davamlılığını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı yüksək dəyərləndirilir.

"Ulu öndər qətiyyətli xarici siyasətin müəllifidir", "Ulu öndər milli məfkurəyə sadiqlik və mənəvi zənginlik rəmzidir", "Heydər Əliyev və ordu quruculuğu", "Heydər Əliyev: Mədəniyyət xalqın ən böyük sərvətidir", "Ulu öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir" məqalələrində dahi şəxsiyyətin qeyd olunan sahələrin inkişafı istiqamətində atdığı addımlar və onların uğurlu davamı ətraflı şəkildə şərh olunur.

Təbii ki, ümummilli liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir xüsusi buraxılışda qeyd etmək qeyri-mümkündür. Buraxılışın son səhifəsində qeyd olunan "Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır" fikri bir daha təsdiqləyir ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Xəbər lenti

Xəbər lenti