...

Azərbaycanın orta məktəb məzunlarına elektron şəhadətnamə və attestatlar veriləcək

Cəmiyyət Materials 14 May 2012 14:12 (UTC +04:00)
Bu il Azərbaycanda ilk dəfə olaraq, orta məktəb məzunlarına adi şəhadətnamə və attestatlarla yanaşı, elektron şəhadətnamə və attestatlar da veriləcək.
Azərbaycanın orta məktəb məzunlarına elektron şəhadətnamə və attestatlar veriləcək

Azərbaycan, Bakı, 14 may / Trend müxbir İ.İsabalayeva/

Bu il Azərbaycanda ilk dəfə olaraq, orta məktəb məzunlarına adi şəhadətnamə və attestatlarla yanaşı, elektron şəhadətnamə və attestatlar da veriləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, Azərbaycanda elektron attestat və elektron şəhadətnamələr bazası yaradılacaq.

Abbaszadə deyib ki, elektron attestat və şəhadətnamələr TQDK-nın bazasında fayl kimi saxlanılacaq. TQDK buraxılış imtahanları bitdikdən sonra bu faylları məktəb direktorlarına, rayon, şəhər təhsil şöbələrinə göndərəcək.

"Builki məzunlar qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrini doldurduqda oraya attestatlardakı qiymətlərini də daxil etməli olurlar. İndi buna ehtiyac qalmayacaq. Çünki artıq məzunların elektron attestatları TQDK-nın məlumat bazasında olacaq", - Abbaszadə əlavə edib.

Onun sözlərinə görə, sabahdan başlayaraq paytaxt məktəblərinin buraxılış imtahanları ilə bağlı buraxılış vərəqələrini Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edəcəklər.

Abbaszadə deyib ki, şəkli bazada olmayan uşaqların "Buraxılış vərəqəsi"ndə onun şəklinin bazada olmaması qeyd olunacaq. Belə uşaqların validyenləri mütləq məktəbdən müvafiq formada arayış almalıdırlar.

"Bizim belə uşaqları imtahana buraxmaq üçün ayrı yolumuz yoxdur. Çünki buraxılış imtahanına gələn uşağın şəkli bazada yoxdursa, imtahana şəxsiyyət vəsiqəsi, məktəbin verdiyi arayışla gəlməyibsə, imtahana buraxılmaya da bilər", - Komissiya sədri deyib.

O qeyd edib ki, hazırkı qaydalara əsasən, 9 illik bazadan bütün uşaqlar, o cümlədən illik qiymətləndirmə zamanı "qeyri-kafi" alan şagirdlər də buraxılış imtahanına buraxılırlar.

"Təbii ki, belə uşaqlar yay tapşırığı alaraq, əlavə imtahan verəcəklər. Amma ana dili və riyaziyyatdan imtahana buraxılacaqlar. Ana dili və riyaziyyatdan "qeyri-kafi" aldıqda isə onlara yenidən payız imtahanlarında iştirak etmək şansı veriləcək. Onlar payızda da imtahan verə bilməsələr, müvafiq formada arayış alacaqlar və beləliklə, gələn il yenidən eksternat formasında buraxılış imtahanına gələ bilərlər. Faktiki olaraq, 9 illik bazadan yalnız o şəxslər imtahana buraxılmayacaq ki, onların dərsə davamiyyəti olmayıb və bilikləri heç zaman qiymətləndirilməyib. Bütün bu qaydalar 9 illik bazadan imtahan verəcək uşaqlara aiddir", - TQDK sədri bildirib.

O deyib ki, 11 illik bazadan isə buraxılış imtahanlarına yalnız illik biliyi müsbət qiymətləndirilən uşaqlar buraxılacaq.

Abbaszadə əlavə edib ki, Təhsil Nazirliyinin buraxılış imtahanlarında iştirak edəcək məzunların elektron məlumat bazası ilə müəyyən problemlər olub. Hazırda həmin bazadakı məlumatlar yenidən dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti