Azərbaycan, Bakı, 21 may /Trend/
2012-ci ilin aprel ayında "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sumqayıt şəhəri və ətraf ərazilərdəki qaçqın və məcburi köçkünlər, şəhid ailələri, əsir və itkin düşmüş şəxslərin ailələri, müharibə əlilləri arasında "Müharibədən zərər çəkmiş insanların problemlərinin həllinə dair təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində növbəti sorgu keçirib.
Trend-in məlumatına görə, bu layihə çərçivəsində respondentlərə onların həyat səviyyəsi, təhsil, sağlamlıq, sosial təminat, yaşayış, əmək hüquqlarının təmin olunması ilə bağlı bir neçə sual verilib.
Ümumilikdə 300 nəfər arasında keçirilən rəy sorğusuna 180 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 60%-ni təşkil edib. Sorguda iştirak edən 120 (40%) nəfər isə əks cinsə mənsub olub. Respondentlərin 57 nəfəri (19%) 18-34 yaş, 114 nəfəri (38%) 35-54 yaş, 108 nəfəri (36%) 55-74, 21 nəfəri (7%) isə 75-dən yuxarı yaş kateqoriyalarına aid olublar.
"Bu gün əlillərə cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılırmı" sualına respondentlərin 162 nəfəri (54%) "Bəli, çünki onlar bizim cəmiyyətin bir parçasıdırlar", 126 nəfəri (42%) "Xeyr, bir çox hallarda onlardan sadəcə uzaq durmağa çalışırlar", 12 nəfəri (4%) isə "Cavab verməyə çətinlik çəkirəm" cavablarını qeyd ediblər.
"Müharibə əlillərinin pensiya təminatı sizi qane edirmi" sualına respondentlərin 105 nəfəri (35%) "Tamamilə qane edir", 75 nəfəri (25%) "Tamamilə qane etmir", 72 nəfəri (24%) "Nisbətən qane edir", 30 nəfəri (10%) "Nisbətən qane etmir", 18 nəfəri (6%) isə "Cavab verməyə çətinlik çəkirəm" cavablarını qeyd ediblər.
"Qaçqın və məcburi köçkünlərin işlə təmin edilmə dərəcəsindən razısınızmı" sualını respondentlərin 135 nəfəri (45%) "Bəli", 72 nəfəri (24%) "Xeyr", 72 nəfəri (21%) "Təklif olunan işlərin sayı çox olsa daha yaxşı olar", 30 nəfəri (10%) isə "Cavab verməyə çətinlik çəkirəm" kimi cavablandırıblar.
"Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə göstərilən tibbi və sosial xidmətin keyfiyyəti sizi qane edirmi" sualına rəyi soruşulanların 120 nəfəri (40%) "Bəli", 69 nəfəri (23%) "Xeyr", 60 nəfəri (20%) "Nisbətən", 51 nəfəri (17%) isə "Cavab verməyə çətinlik çəkirəm" cavablarını veriblər.
Respondentlərin 174 nəfəri (58%) "Əsir və itkin düşmüş şəxslərin ailələrinə dövlət qayğısı yetərincə göstərilirmi" sualına "Bəli", 18 nəfəri (9%) "Xeyr", 90 nəfəri (30%) "Bu sahə daha da inkişaf etdirilsə yaxşı olar" və nəhayət 9 nəfəri (3%) "Cavab verməyə çətinlik çəkirəm" cavabları ilə kifayətləniblər.
Sorgu zamanı rəyi soruşulanların 96 nəfəri (32%) "Donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-ərzaq yardımına ehtiyac varmı" sualına "Bizim öz ehtiyatlarımız bizi tam təmin edir" cavablarını veriblər. Respondentlərin 144 nəfəri (48%) bu suala "Var, çünki biz hələ gənc ölkəyik", 60 nəfəri (20%) isə "Cavab verməyə çətinlik çəkirəm" cavablarını veriblər.
"Sizcə əlillərin rahat hərəkəti üçün ictimai yerlərdə lazımı şərait varmı" sualına respondentlərin 45 nəfəri (15%) "Xeyr, yalnız Bakı şəhərində bu sahə nisbətən inkişaf edib", 135 nəfəri (45%) "Bəli, bunun üçün xeyli iş görülür", 99 nəfəri (33%) "Bəli, lakin bu sahədə hələ də problemlər var", 21 nəfəri (7%) "Cavab verməyə çətinlik çəkirəm" cavablarını veriblər.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı sizi qane edirmi" sualına rəyi soruşulanların 181 nəfəri (60,3%) "Bəli, nazirlik bu sahədə böyük işlər görür", 87 nəfəri (29%) "Xeyr, bu sahədə çatışmazlıqlar var", 32 nəfəri (10,6%) isə "Cavab verməyə çətinlik çəkirəm" cavablarını veriblər.
"Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən verilən güzəştlər və imtiyazlar barədə məlumatınız varmı" sualına sorgu keçirilən kontingentin 96 nəfəri (32%) "Bəli, məlumatlıyam", 144 nəfəri (48%) "Xeyr, bu barədə məlumatım yoxdur" cavablarını veriblər. Həmçinin, 60 nəfər (20%) "Yaxşı olardı ki, bu güzəştlər barədə məlumat ictimaiyyətə daha geniş çatdırılsın" cavabları ilə kifayətlənməli olublar.
Sorğunun sonuncu - "Sizcə əlillərə göstərilən xidmətlər Avropa standartlarına nə dərəcədə cavab verir" sualına respondentlərin 90 nəfəri (30%) "Xeyr, bu xidmətlər bizdə hələ zəif inkişaf edib", 120 nəfəri (40%) "Bəli, bu xidmətlər gündən-günə inkişaf etdirilir" cavabını veriblər. Rəyi soruşulanların 90 nəfəri (30%) bu suala "Bu sahədə xidmətlər daha da təkmilləşdirilməlidir" cavabını veriblər.