...

Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı Dövlət Proqramının qəbulu təklif edilir

Cəmiyyət Materials 10 İyul 2012 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda ağır yol qəzalarının sayının azalması məqsədilə qısa zamanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanmalıdır. Bunu Trend-ə Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyasının idarə heyətinin sədri Nazir Quliyev son illər yollarda baş verən ağır qəzaların sayının artması ilə bağlı problemin səbəblərindən danışarkən deyib.

Azərbaycanda yol qəzaları, bu qəzalarda ölən və xəsarət alanların sayının yüksək sürətlə artdığından təssüflənən Quliyev qeyd edib ki, statistika göstərir ki, son bir neçə il ərzində bu qəzalarda həlak olanların sayı Qarabağ müharibəsində ölənlərin sayına yaxınlaşır.

Koalisiya rəhbəri problemin əsas səbəbləri sırasında yol hərəkəti iştirakçılarında yol mədəniyyətinin formalaşmamasını qeyd edib.

"Biz həyatımızın hər anında təhlükə yaradan yol hərəkəti ilə bağlı mədəniyyət nümayiş etdirmirik. Məsələn, elektrik naqilinə, su hövzəsinə yaxınlaşarkən onun təhlükəli olduğunu bilirik. Yol hərəkəti qaydalarının pozuntusu daha təhlükəli nəticələr doğursa da, biz bu mədəniyyəti nümayiş etdirmirik. Əksər xarici ölkələrdə yol mədəniyyətinin formalaşdırılmasına uşaq yaşlarından başlanılır. Uşaqlar bağçalarda həftədə bir neçə dəfə xüsusi şəhərciklərə aparılır, onlara şəhərin yol hərəkəti başa salınır, yol nişanları öyrədilir. Artıq uşaq yaşlarından bu vərdişlər onlara aşılanır", - o deyib.

İkinci səbəb kimi yol hərəkəti iştirakçılarında hüquqi məsuliyyətin olmamasını qeyd edən Quliyev bildirib ki, hər kəs təhlükəsizlik kəmərini taxmazsa, sürət rejimini pozarsa, cərimələnəcəyini, cəzalanacağını bilməlidir.

"Bizdə isə insanlar bunu bilə-bilə hüquqi məsuliyyətsizlik nümayiş etdirirlər, qaydalara əməl etmirlər. Son vaxtlar uşaqlarla bağlı qəzaların sayının artması narahatlıq doğuran faktdır. Bu da hüquqi məsuliyyətsizlikdən irəli gəlir. Uşaqların qabaq oturacaqlarda əyləşməsi qadağandır, arxa oturacaqlarda isə uşaqlar xüsusi oturacaqlarda oturmalıdırlar", - koalisiya rəhbəri deyib.

O, hesab edir ki, ictimai nəqliyyat işlək olarsa, insanların əksəriyyəti şəxsi avtomobillərdən az istifadə edər və iri şəhərlərdə nəqliyyat sıxlığı yaranmaz, qəza riski az olar.

Azərbaycanda sürücülərdə sürücülük bacarıqları, vərdişləri ilə bağlı ciddi problem olduğunu deyən Quliyev bildirib ki, sürücü olmaq istəyənlərin hazırlanması, sürücülük vəsiqələrinin alınması prosedurunun şəffaflığının təmin olunması çox vacibdir.

"Araşdırmalar göstərir ki, son vaxtlar yol qəzalarınının əksəriyyəti elementar sürücü bacarıqlarına, vərdişlərinə malik olmamaq səbəbindən baş verib. Düzgün olmayan ötmə əməliyyatı aparmaq, yola çıxış və s.", - o deyib.

Quliyev Azərbaycanda istismar müddəti başa çatmış, müasir tətləblərə cavab verməyən nəqliyyat vasitələrindən istifadənin də yol qəzaları ilə bağlı statistikanın artımına təsir etdiyini deyib. Onun sözlərinə görə, son illər ölüm və xəsarət faktları daha çox sovet istehsalı olan nəqliyyat vasitələrinin iştirakı ilə törədilən yol qəzalarında qeydə alınır.

"Müasir avtomobillərlə köhnə avtomobillərin ötmə və sürət rejimi düzgün gəlmir və nəticədə bu qəzalar baş verir", - Quliyev vurğulayıb.

Koalisiya sözçüsü hesab edir ki, yolların keyfiyyətinin çox aşağı olması, yol nişanlarının düzgün quraşdırılmamsı, işıqforların düzgün işləməməsi və s. də yol qəzalarının sayının artmasına təsir edən səbəblərdəndir.

Quliyev problemin həlli məqsədilə Koalisiyanın müvafiq təkliflər hazırladığını deyib və qeyd edib ki, bu təkliflər müvafiq qurumlara təqdim olunacaq.

Koalisiya hesab edir ki, ağır yol qəzalarının sayının azalması məqsədilə qısa zamanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı qəbul edilməli, sürücülər psixoloji testlərdən keçməlidirlər.

"Müşahidələr onu deməyə əsas verir ki, istər şəxsi, istərsə də ictimai nəqliyyatı idarə edən sürücülərin əksəriyyətinin psixoloji problemi var. Hesab edirəm ki, imtahandan öncə sağlamlıq sənədlərinin alınması araşdırılmalıdır. Həkimin nəyəsə göz yumması onlarla ailənin faciəsinə səbəb olur. Odur ki, sürücülər ciddi şəkildə psixoloji testlərdən keçməli, sürücünün psixoloji durumu ciddi şəkildə qiymətləndirilməlidir", - o deyib.

Quliyev avtomobil həvəskarları üçün sürücülük meydançalarının, xüsusi yerlərin ayrılmasını da problemin aradan qaldırılmasının həlli yollarından biri hesab edir.

"Gənclər avtomobili yüksək sürətlə idarə etməyə, müxtəlif manevrlər etməyə maraqlıdır. Belə sürücülər üçün imkanlar yaradılmalıdır. Bu halda həmin sürücülərin özü və digərləri üçün gözlənilən təhlükə aradan qalxmış olar", - o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti