...

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə buraxılan namizədlərin yekun sayı açıqlanıb

Cəmiyyət Materials 19 İyul 2012 17:56 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə buraxılan namizədlərin yekun sayını açıqlayıb.
Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə buraxılan namizədlərin yekun sayı açıqlanıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə buraxılan namizədlərin yekun sayını açıqlayıb.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqəyə ümumilikdə 15467 nəfər buraxılıb. Müsabiqəyə buraxılanların arasında ibtidai sinif müəllimi işləmək istəyənlərin sayı üstünlük təşkil edir. Ölkə üzrə müsabiqəyə buraxılanların 3764 nəfəri ibtidai sinif, 2731 nəfəri ingilis dili, 2160 nəfəri Azərbaycan dili və ədəbiyyatı, 1483-ü riyaziyyat, 1112 nəfəri tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib. Ən çox vakant yerin olduğu coğrafiya fənni üzrə 636 nəfər müsabiqəyə buraxılıb.

Qeyd edək ki, növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində və peşə liseylərində ən çox coğrafiya, ən az isə rus dili və ədəbiyyatı müəlliminə tələbat var.

Bakıda ən çox fiziki tərbiyə (45 yer), ibtidai sinif (39 yer), ingilis dili (37 yer), informatika (25 yer), riyaziyyat (23 yer) müəllimlərinə tələbat var.Azərbaycanın rayon və şəhərlərindəki orta məktəblərdə ən çox ehtiyac coğrafiya (407), kimya (373 yer), biologiya (341 yer), Azərbaycan dili və ədəbiyyatı (326 yer), fizika (281 yer), riyaziyyat (248 yer), tarix (243 yer) fənni üzrə müəllimlərə duyulur.

Ümumilikdə bu il orta məktəblərdə və peşə liseylərində 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin yalnız 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

Xəbər lenti

Xəbər lenti