...

Azərbaycan və Türkiyə arasında dövlət qulluğu sahəsində Fəaliyyət Planı imzalanıb

Cəmiyyət Materials 12 Sentyabr 2012 12:55 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında dövlət qulluğu sahəsində Fəaliyyət Planı imzalanıb.
Azərbaycan və Türkiyə arasında dövlət qulluğu sahəsində Fəaliyyət Planı imzalanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Azərbaycan və Türkiyə arasında dövlət qulluğu sahəsində Fəaliyyət Planı imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) mətbuat xidmətindən Trend-ə bildirilib ki, "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı"nın imzalanması məqsədilə Türkiyə Respublikasında səfərdə olan DQMK sədri Bəhram Xəlilov Dövlət Kadrlar İdarəsinin yeni başqanı Mehmet Ali Kumbuzoğlu ilə görüşüb.

Görüş zamanı Mehmet Ali Kumbuzoğlu və Bəhram Xəlilov arasında dövlət qulluğu sahəsində Türkiyə və Azərbaycanda aparılan siyasət barədə fikir mübadiləsi aparılıb və iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.

Daha sonra "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı" imzalanıb.

Sənədi Türkiyə tərəfindən Mehmet Ali Kumbuzoğlu, Azərbaycan tərəfindən isə Bəhram Xəlilov imzalayıblar.

Sənədin imzalanmasından sonra Bəhram Xəlilov Türkiyə Respublikasının çalışma və sosial güvənlik nazirinin müavini Halil Etyemez ilə görüşüb, hər iki ölkənin dövlət qulluğu sahəsində görülmüş işlər barədə müzakirələr aparılıb. Görüşdə DQMK ilə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında imzalanmış 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı barədə geniş məlumat verilib.

Xəbər lenti

Xəbər lenti